“Nuyina” buzqıran gəmisi gələn mövsüm Antarktidaya qayıdacaq
2022-2023-cü illər Antarktika mövsümü Avstraliya üçün problemlərlə başladı.
“Seanews.az”-ın məlumatına görə, Qütb stansiyalarını təchiz etmək üçün istifadə edilən "Happy Diamond" adlı yük gəmisi saya oturanda zədələnib. Hazırda gəmi təmir üçün Hobarta (Avstraliya) qayıdır.
”Happy Diamond” 2021-ci ildə istifadəyə verilmiş və istismarı dayandırılmış yeni Avstraliya tədqiqat buzqıran gəmisi “Nuyina”nı əvəz etməli idi. Lakin 2022-ci ildə buzqıran gəminin Antarktidaya səfərləri monitorinq sistemlərindəki problemlərə görə təxirə salındı. Sonra mexaniki təmirinə ehtiyac duyuldu və buzqıran gəmi təmir üçün Sinqapura göndərildi. Texniki problemlər də müəyyən ediləndə “Nuyina”nın başqa gəmilərlə – “Aiviq” buzqıran təchizat gəmisi və “Happy Diamond” yük gəmisi ilə əvəz edilməsi qərara alındı.
Noyabr ayında hər iki gəmi Antarktidadakı Davis stansiyasına yola düşdü, lakin ”Happy Diamond” yolda mexaniki nasazlığa görə, Hobarta qayıtmalı oldu. Təmirdən sonra, yanvarın sonunda gəmi Antarktika stansiyalarına, o cümlədən ən uzaq stansiyaya - Mousona gedib. Geri qayıdarkən ”Happy Diamond” saya oturdu və zədələndi. “Aiviq” buzqıranı tərəfindən saydan çıxarılan gəmi hazırda Hobarta qayıdır və fevralın 28-də limana çatmalıdır.
Nəşrin məlumatına görə, “Nuyina” buzqıran gəmisi aprel ayından tez başa çatmayacaq təmirdən sonra Avstraliyaya gedəcək. “Gəminin Cənubi Okeanda tədqiqat işlərini yerinə yetirməyə başlamasına xeyli vaxt lazım gələcək. başqa sözlə, “Nuyina” gələn mövsüm Antarktidaya qayıdacaq”, - deyə “Maritime Executive” bildirir.


