“Uniper” neft emalı zavodunu satır
Almaniyanın “Uniper” enerji şirkəti Birləşmiş Ərəb Əmirliklərində özünün xam neft emalı və dəniz yanacağı ticarəti biznesinin 100%-ni satmaq barədə razılığa gəlib. Alıcılar “Montfort” şirkətlər qrupu və Şeyx Əhməd Dalmuk Əl Maktumun şəxsi ofisi olub.
Tərəflər alış qiymətini açıqlamamaq barədə razılığa gəliblər. Müəyyən ilkin razılaşmaların həyata keçirilməsi şərti ilə əməliyyat yaxın aylarda tamamlanacaq.
Şirkətin mətbuat xidməti bildirib ki, biznesdən imtina Aİ-nin dövlət yardımı haqqında qanuna uyğun olaraq “Uniper”-in əməl etməli olduğu şərtlərdəndir.
“Uniper Energy DMCC” IMO 2020-nin tələblərinə uyğun aşağı kükürdlü mazut istehsalı və təchizatı sahəsində bazar lideridir. Şirkət hər il gəmiçilik sənayesini 30 milyon bareldən çox aşağı kükürdlü mazutla təmin edən Fuceyrə limanında sutkada 65 000 barel neft emalı zavodunu idarə edir.
“Montfort” beynəlxalq əmtəə ticarəti və investisiya şirkətidir. O, geniş aktiv portfelinə malikdir və ticarət, nəqliyyat, pərakəndə satış, mədənçıxarma və emal sahələrində xidmətlər göstərir. Avropa, Afrika, Yaxın Şərq və Asiyada 10 ölkədə ofisləri var.
Şeyx Əhməd Dalmouk Əl Maktumun şəxsi ofisi enerji (ənənəvi və bərpa olunan enerji), infrastruktur, LNG, neft və əmtəə ticarəti, səhiyyə və kənd təsərrüfatına diqqət yetirən müxtəlif özəl və ictimai şirkətlər portfelinə malikdir.
“Seanews.az”


