Rusiya neftini daşımaqda şübhəli bilinən gəminin kapitanı həbs edilib
Avropa İttifaqının sanksiyalarından yayınaraq Rusiya neftini daşıdığı iddia edilən gəminin kapitanı Aleksey Smaznov Albaniyada həbs edilib.
Bu barədə “RİA Novosti” Rusiyanın Tirandakı səfirliyinə istinadən məumat verir.
Söhbət fevralın 20-də Durres şəhərində saxlanılan və Liberiya bayrağı altında üzən tankerdən gedir. Yerli polisin iddiasına görə, gəmi yanacağı Yunanıstanın ərazi sularında başqa tankerdən qəbul edib. Bundan sonra gəmi Albaniya şəhərinin limanına yollanıb.
“Neftin özü, yerli hakimiyyət orqanlarının fikrincə, Rusiyanın Qara dənizdəki limanlarından birində alınıb və iş adamı P. Bareyə məxsus Albaniyanın “A.V Internacional Group” şirkəti üçün nəzərdə tutulub”, - səfirlik izah edib.
Əksəriyyəti ruslardan ibarət olan heyət üzvlərinin yanacağın mənşə ölkəsi haqqında məlumatı olmayıb. Durres polisi onların pasportlarını müsadirə edib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd olunur ki, Smaznov, eləcə də digər heyət üzvləri yardım üçün diplomatik nümayəndəliyə müraciət etməyiblər. Hazırda səfirlik rəsmiləri vəziyyətə aydınlıq gətirirlər.
“Seanews.az”


