Almaniyanın qaza olan tələbatının təxminən 6%-i terminal vasitəsilə ödəniləcək
Almaniyanın Vilhelmshaven şəhərində yerləşən yeni mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu terminalı fəaliyyət üçün icazə aldıqdan sonra 2023-cü il martın 1-dən adi rejimdə işləməyə başlayıb.
Bu barədə terminalı idarə edən “Uniper” şirkətinin mətbuat xidməti məlumat yayıb.
LNG qəbulu terminalı 2022-ci ilin dekabrından sınaqlar keçirirdi. O vaxtdan bəri hər həftə terminalda bir tanker boşaldılır, ardınca FSRU (Üzən LNG saxlama, emal və idxal sistemi) “Hoegh Esperanza”-da yenidən qazlaşdırılır və mayeləşdirilmiş qaz paylayıcı şəbəkəyə vurulurdu. Yekun yoxlama zamanı heç bir pozuntu aşkar edilməyib.
“Almaniyanın qaza olan tələbatının təxminən 6%-i terminal vasitəsilə ödəniləcək. “Uniper” tərtibatçı və operator kimi, xüsusilə 2023-2024-cü illərin qış dövründə ölkənin yanacaqla təmin olunmasında əsas rol oynamağa davam edəcək”, - deyə şirkətin açıqlamasında bildirilir.
2023-cü il yanvarın 15-dən kommersiya fəaliyyətinin başlanmasından bəri federal dövlət şirkəti “Deutsche Energy Terminal GmbH” (“DET”) stansiya operatoru və lisenziya sahibi rolunu öz üzərinə götürüb. “DET”-in etimadı ilə “LNG Terminal Wilhelmshaven GmbH” (“LteW”) LNG terminalının texniki və kommersiya idarəçiliyinə cavabdeh olacaq.
Ən böyük beynəlxalq enerji şirkətlərindən biri olan “Uniper”-in əsas fəaliyyət istiqamətlərinə Avropa və Rusiyada enerji istehsalı, həmçinin beynəlxalq enerji ticarəti daxildir. Almaniya, Avstriya və Böyük Britaniyada qaz anbarları şəbəkəsini idarə edən “Uniper”-in Hamburq, Reytbruk və Falkenhagendə qazdan elektrik enerjisi istehsalı üçün pilot zavodları var.
“Seanews.az”


