Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda ekologiya mövzusuna aid maarifləndirici tədbir keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) ekologiya mövzusunda maarifləndirici tədbir keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Ayşən Əsədli Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə danışıb.
Tədbir zamanı istehsalatın hər bir sahəsində ətraf mühitin qorunmasının vacibliyi qeyd edilib, eləcə də müxtəlif növ tullantıların toplanması, saxlanılması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizmi barədə ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.



