Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-17,
Seanews
Heyder Eliyev

Dünya Gəmiçilik Şurası gəmiçilikdə ədalətli enerji keçidi üçün təkliflərini BDT-yə təqdim edib

Alternativ yanacağın rəqabət qabiliyyətini təmin etmək üçün tənzimləmə aləti hazırlanır. Ümumdünya Gəmiçilik Şurası (“WSC”) gəmiçilikdə ədalətli və səmərəli enerji keçidi üçün öz təkliflərini Beynəlxalq Dəniz Təşkilatına (BDT) təqdim edib. Söhbət məqsədi 2050-ci ilə qədər emissiyaları sıfra endirmək olan “Yaşıl Balans” mexanizmindən gedir.

“Seanews.az” xəbər verir ki, bu barədə təşkilatın press-relizində deyilir.

“Yaşıl Balans” mexanizmi qiymət fərqini azaltmaqla alternativ yanacaqları daha rəqabətli etməlidir. Daha yüksək istixana qazı (İQ) intensivliyi olan yanacaqlardan istifadə edən gəmiçilik şirkətlərindən toplanan vəsaitin alternativ yanacağı seçənlərə yenidən bölüşdürülməsi təklif edilir. Bu, yaşıl yanacağı gəmiçilik şirkətləri üçün daha cəlbedici edəcək, eləcə də alternativ bunker seçimlərinə tələbatı artıracaq.

Vəsaitlər elə paylanacaq ki, qalıq və alternativ yanacağın orta dəyəri təxminən bərabər olsun. Dəniz yanacağı (həyat dövrünün bütün mərhələlərində) emissiyaların azaldılmasını nə qədər çox təmin edərsə, bir o qədər çox maliyyə vəsaiti əldə ediləcək. Yaşıl Balans mexanizmi həmçinin iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün tədqiqat, inkişaf və nümayiş layihələrinə vəsait cəlb edəcək “IMO Net-Zero” Fondunun yaradılması üçün əsas olacaq.

Ümumdünya Gəmiçilik Şurası dəniz daşıyıcılarının birliyidir. “WSC” üzvləri konteynerlərin və nəqliyyat vasitələrinin daşınması üçün böyük tutumlu gəmiləri idarə edirlər. “WSC”-nin öz hesablamalarına görə, konteynerin 90%, nəqliyyat vasitələrinin 60%-ni onlar daşıyır və Avropa Birliyi daxilində 1,7 trilyon avro dəyərində xarici ticarəti təmin edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır