“Hanwha Ocean” dünyada 200 LNG daşıyıcısı inşa edən ilk şirkətdir
Özünün 200-cü mayeləşdirilmiş təbii qaz (LNG) daşıyıcısını təhvil verdiyini bildirən Cənubi Koreyanın “Hanwha Ocean” şirkəti dünyada belə uğura imza atan ilk gəmi istehsalçısıdır.
“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, Cənubi Koreyalı gəmi istehsalçısı “Lebrethah” gəmisini 2025-ci il fevralın ortalarında “SK Shipping”-ə təhvil verib.
Gəmi “QatarEnergy North Field Expansion” layihəsi çərçivəsində “Korea Green LNG” (“KGL”) şirkəti tərəfindən istismar olunacaq.
“Lebrethah” gəmisi aşağı təzyiqli iki yanacaqlı mühərrik (ME-GA) və qazın yenidən mayeləşdirilməsi sistemi ilə təchiz olunub. İstismar səmərəliyini artırmaq üçün “Hanwha Ocean”-ın “HS4” “ağıllı gəmi” həlli də tətbiq edilib.
“Hanwha Ocean” ilk LNG daşıyıcısını 1995-ci ildə, 100-cü gəmini isə 2016-cı ildə təhvil verib. Növbəti 100 gəmi cəmi doqquz il ərzində istehsalatdakı yeniliklər, o cümlədən bir dokda eyni vaxtda dörd gəmidə işləmək texnologiyası sayəsində inşa edilib.
Qeyd edək ki, “Hanwha Ocean” (əvvəllər “Daewoo Shipbuilding & Marine Engineering”) Cənubi Koreyanın LNG daşıyıcıları, dəniz platformaları və hərbi dəniz gəmilərinin tikintisi sahəsində ixtisaslaşmış nəhəng gəmiqayırma şirkətidir.
“Seanews.az”