“Orta Dəhliz: Xəzər dənizi ilə əlaqəlilik” mövzusunda dəyirmi masa keçirilib
Bakıda “Orta Dəhliz: Xəzər dənizi ilə əlaqəlilik” ("Middle Corridor via the Caspian Sea") mövzusunda dəyirmi masa təşkil olunub.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimovun moderatorluğu ilə baş tutan dəyirmi masada Orta Dəhliz üzərində yerləşən ölkələrin, o cümlədən Çinin nəqliyyat və logistika şirkətlərinin, yükgöndərənlərin, müxtəlif ekspeditorların nümayəndələri iştirak ediblər.
Dəyirmi masada Orta Dəhliz, xüsusilə Xəzər üzərindən daşımalar, bu istiqamətdə imkanlar və həyata keçirilən işlər barədə geniş müzakirələr aparılıb.
Forumda çıxış edən ASCO sədrinin müavini Tariyel Mirzəyev bildirib ki, son 10 ildə ASCO donanmanın yenilənməsi proqramı çərçivəsində 32 gəmi istismara verib, hazırda Bakı Gəmiqayırma Zavodunda daha 11 gəminin inşası davam etdirilir.
Sədr müavini donanmanın yenilənməsi istiqamətində şirkətin gələcək planlarından da danışıb. O bildirib ki, Xəzərdə müşahidə edilən konteynerləşmə tendensiyası nəzərə alınaraq, hazırda ASCO tərəfindən 530 TEU götürmək imkanına malik olan bu tipli iki ədəd gəminin sifarişi nəzərdən keçirilir. Bundan əlavə, gələcəkdə konteyner həcmi artarsa, 1000 TEU götürmək qabiliyyətinə malik gəmilərin tikintisi də optimal variant olaraq düşünülür.
Bugün ASCO-nun donanmasında iki ədəd RoPax tipli unikal gəmi-bərə mövcud olduğunu, bu tip əlavə bir gəminin tikintisinin isə davam etdirildiyini deyən Tariyel Mirzəyev ölçülərinə və yükgötürmə qabiliyyətinə görə daha böyük gəmi-bərələrin alınması layihəsinə də baxıldığını bildirib. O qeyd edib ki, belə bərələr Xəzərdə 1-2 tam blok konteyner qatarını parçalanmadan tam yükləməyə imkan verir.
ASCO sədrinin müavini hər iki göyərtəyə eyni anda yükləmə imkanı olan bərələrin alınması layihəsi ilə bağlı da planların olduğunu açıqlayıb. Bildirib ki, bu tip bərə-gəmilərin istismara verilməsi imkanlarının öyrənilməsi məqsədilə hazırda Qazaxıstanın "Kazmortransflot", Caspian Integrated Maritime Solutions (CIMS) şirkəti və “AD Ports Group" kimi tərəfdaşlarla müvafiq işlər həyata keçirilir. Artıq layihənin texniki-iqtisadi qiymətləndirilməsinin aparılması üçün prosesə konsultant da cəlb olunub.
Forumda Xəzərdə suyun səviyyəsinin azalmasının nəqliyyat imkanlarına təsiri məsələsinə də toxunulub. Tariyel Mirzəyev qeyd edib ki, həm Azərbaycan-Qazaxıstan, həm də Azərbaycan-Türkmənistan istiqamətində suyun səviyyəsinin azalması nəticəsində bərə-gəmilər potensial yükdaşıma qabiliyyətindən daha az yük götürür. Bununla belə, sədr müavini əlavə edib ki, bu, ciddi bir çətinlik olsa da, həlli üzərində bütün tərəflər və aidiyyəti qurumlar davamlı tədbirlər görürlər. Belə ki, mütəmadi olaraq limanlarda dibdərinləşdirmə işləri aparılır, gəmiçilik şirkətləri isə yeni gəmilərin dizaynında dayaz sulardan istifadəyə uyğunlaşmanı nəzərə alırlar.
Sədr müavini çıxışında Orta Dəhliz üzərindən 2025-ci ildə ötən illə müqayisədə 40 min TEU çox, yəni 96 min TEU konteynerin daşınmasının proqnozlaşdırıldığını, bunun 88 min TEU-sunun Şərq-Qərb istiqamətində göndərilməsininin gözlənildiyini bildirib. Proqnozlaşdırılan həcmin daşınması üçün hazırda 4-ü Qazaxıstanın "Kazmortransflot" şirkətinə, 2-si ASCO-ya məxsus olmaqla, ümumilikdə 6 ədəd fider gəmisinin olduğunu deyib. Bundan əlavə, o qeyd edib ki, bu prosesin effektiv həyata keçirilməsi üçün liman, gəmiçilik və dəmiryolu şirkətlərinin koordinasiyalı əməkdaşlığı mühümdür.
Çıxışında liman əməliyyatlarının müddət məhdudiyyətinə riayət olunmasının vacibliyini də vurğulayan Tariyel Mirzəyev, bu faktorun yükdaşıma potensialına təsir etdiyini diqqətə çatdırıb. Bildirib ki, normal qaydada 5-6 saat liman əməliyyatına riayət olunduqda bərələrlə 120 min, 8-10 saat olduqda 90 min, 12 saat olduqda 70 min təkərli texnika (vaqon, avtotexnika) daşımaq mümkündür.