“MSC”-nin donanmasında konteynerdaşıyanların sayı tezliklə 1000-i keçəcək
İsveçrənin “Mediterranean Shipping Company” (“MSC”) xətti gəmiçilik şirkəti donanmasındakı gəmilərin sayı 900-ə çatan ilk beynəlxalq konteyner daşıyıcısı olub.
“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, bu barədə “Container News” “Alphaliner” şirkətinin araşdırmalarına istinadən məlumat yayıb.
“MSC” bu yaxınlarda LNG ilə işləyən 16 000 TEU tutumlu “MSC Germany” (“Maxi-Neo-Panamax” ölçüsü) konteyner gəmisini təhvil alıb. Bu, tikintisi 2022-ci ilin oktyabrında Çinin “Yangzijiang Shipbuilding” tərsanəsinə sifariş edilmiş on iki gəmi seriyasından beşinci gəmidir.
“MSC”-nin istismar etdiyi konteynerdaşıyanlardan 609-u özünündür, 291-i isə taym-çarterə götürülmüş gəmilərdir. Şirkətin donanmasının ümumi konteyner tutumu hazırda təxminən 6,47 milyon TEU təşkil edir ki, bu da ən yaxın rəqibi olan Danimarkanın “Maersk Line” şirkətinin donanmasının tutumundan təxminən 1 milyon TEU çoxdur.
İsveçrə şirkətinin 132 konteyner gəmisinin tikintisinə dair sifarişləri təsdiqlədiyini nəzərə alsaq, “MSC”-nin donanmasında konteynerdaşıyanların sayı tezliklə 1000-i keçəcək.
“Seanews.az”