Niderlandın təchizat gəmisi Şimal dənizində külək turbininə çırpılıb
“Glomar Venture” dəniz təchizat gəmisi (OSV) Şimal dənizində Niderlandın ərazi sularında külək turbininin özülünə çırpılıb. Hadisə nəticəsində gəminin iki heyət üzvü yaralanıb.
“Seanews.ru” xəbər verir ki, bu barədə Niderland Kral Dəniz Xilasetmə Texnikası İnstitutu (“KNRM”) məlumat yayıb.
Niderlandın şimal-qərb sahillərində Kallantsuqdan təxminən 15 mil aralıda baş verən hadisədən sonra “Glomar Venture” gəmisinin kapitanı tibbi yardım və təxliyə üçün “KNRM”-ə müraciət edib. Yardım “Koen Oberman” xilasetmə gəmisinin müşayiəti ilə
“Irene & Henk” xilasedici qayıq tərəfindən təmin edilib. Əməliyyatda yaralı dənizçiləri Den Helderə daşıyan “Joke Dijkstra” gəmisi də iştirak edib və orada onlar təcili yardımla xəstəxanaya aparılıb.
Heyəti səkkiz dənizçidən ibarət gəmi daha sonra Niderland Sahil Mühafizəsinin “Guardian” gəmisi və iki xilasedici qayığın müşayiəti ilə Den Helder limanına üzüb.
Səlahiyyətlilər toqquşmanın səbəblərini araşdırırlar.
“Seanews.az”