“DP World” Ciddə limanında konteyner terminalını istismara verib
Beynəlxalq logistika və xidmət təminatçısı “DP World” və Səudiyyə Ərəbistanı Limanlar İdarəsi (“Mawani”) Ciddə limanında Cənub Konteyner Terminalını rəsmən istifadəyə verib.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, terminal Səudiyyə Ərəbistanının aparıcı beynəlxalq ticarət mərkəzi kimi mövqeyini gücləndirmək məqsədi ilə yükaşırma imkanlarının genişləndirilməsi üzrə 800 milyon dollar dəyərində layihə çərçivəsində son üç il ərzində tikilib.
Terminalın genişləndirilməsi konteyner dövriyyəsini iki dəfədən çox – 1,8 milyon TEU-dan 4 milyon TEU-dək artıracaq. Gələcəkdə yükaşırma gücü 5 milyon TEU-ya çatdırılacaq.
Terminalın modernləşdirilməsi çərçivəsində avtomatlaşdırma, rəqəmsallaşdırma və süni intellekt sistemləri tətbiq edilib. Yeniliklərin əməliyyat müddətini əhəmiyyətli dərəcədə azaldacağı gözlənilir. 2025-ci ilin sonuna qədər körpü kranlarının sayı 14-dən 17- yə, sonrakı illərdə 22-yə çatdırılacaq.
Tez xarab olan mallar üçün terminalın soyuducu qablarının tutumu 1200-dən 2300-dək artırılıb.
Ciddə limanındakı terminalın ümumi uzunluğu eyni vaxtda beş konteyner gəmisini qəbul edə bilən dərin sulu yanalma körpüsü də daxil olmaqla 2150 metrdir.
Xatırladaq ki, terminalın yanında sahəsi 415 kv.m olan və müştərilərə müasir anbar, paylama və ekspeditor xidmətləri təklif edəcək Ciddə logistika qovşağının tikintisi davam edir. O, Ciddə limanını Asiya, Afrika və Avropanın ticarət yollarını birləşdirən mərkəzə çevirəcək. Tikintinin başa çatdırılması 2026-cı ilin ikinci rübünənəzərdə tutulub.
“Seanews.az”