Yunanıstan şirkəti üçün iri mayeləşdirilmiş karbon qazı tankeri tikilir
Cənubi Koreyanın Ulsan limanında yerləşən “HD Hyundai Mipo” gəmiqayırma zavodunun yanalma körpüsündə tutumu 22 min kubmetr olan nəhəng tankerin suya buraxılması mərasimi keçirilib.
“Portnews.ru” “Offshore Energy” nəşrinə istinadən xəbər verir ki, mayeləşdirilmiş karbon qazının (LCO2) daşınması üçün nəzərdə tutulan tanker Yunanıstanın “Capital Clean Energy Carriers” gəmiçilik şirkəti üçün tikilir.
Uzunluğu 159,9 metr, eni 27,4 metr, bortunun hündürlüyü 17,8 metr olan gəmi aşağı temperatur və yüksək təzyiqi saxlaya bilən üç yük çəni ilə təchiz olunub. Bu tip çənlər LCO2-dən başqa, mayeləşdirilmiş neft qazı (LPG) və ammonyakın daşınması üçün də münasibdir.
Tanker sahil stansiyasından enerji qəbul etmək üçün sistem və çirkləndiricilərin (toz və kükürd oksidləri) emissiyalarının azaldılması sistemi ilə təchiz edilmişdir. Layihə gələcəkdə mühərrikin təkmilləşdirilməsi və ammonyakdan istifadə imkanlarını nəzərdə tutur.
Gəmi 2025-ci ilin sonunda dəniz sınaqlarından sonra sifarişçiyə təhvil veriləcək.
Xatırladaq ki, “HD Hyundai Mipo” (“HD KSOE” gəmiqayırma qrupunun törəmə müəssisəsi) 2023-cü ilin iyulundan 2024-cü ilin yanvarınadək dörd LCO2 tankerinin tikintisi üçün müqavilə imzalayıb. Cənubi Koreyanın gəmi inşaatçıları ilk gəminin tikintisinə
2024-cü ilin avqustunda başlayıblar. Seriyanın sonuncu gəmisi 2026-cı ilin ikinci yarısınadək təhvil verilməlidir.
“Seanews.az”