Tutumu 8200 TEU olan konteyner gəmisi “Kota Oasis” adı ilə səfərlərə çıxacaq
Sinqapurun “Pacific International Lines” (“PIL”) gəmiçilik xətti mayeləşdirilmiş təbii qazla (LNG) işləyə bilən iki yanacaqlı mühərrikə malik 8200 TEU konteyner gəmisinə adqoyma mərasimi keçirib.
“Seanews.ru”-nun şirkətə istinadən verdiyi məlumata görə, gəmi “Kota Oasis” adlandırılıb.
Bu, “PIL”-in mayeləşdirilmiş təbii qazla işləyən beşinci konteyner gəmisidir və “PIL “ tərəfindən Çinin “Yangzijiang Shipbuilding” gəmiqayırma zavoduna sifariş edilən dörd "O" sinifli gəmi seriyasından birincisidir.
LNG ilə yanaşı, bu konteyner gəmiləri yanacaq kimi biometandan da istifadə edə biləcək. Bundan əlavə, “O” sinif gəmilərinin yanacaq çənləri ammonyakla işləmək üçün dəyişdirilə bilər.
“Pacific International Lines”-in donanmasına bundan əvvəl qəbul edilmiş dörd LNG ilə işləyən konteyner gəmisi (“E” sinfi) 14 min TEU tutumuna malikdir.
Qeyd edək ki, hazırda “PIL” gəmiçiliyinin daha 13 konteyner gəmisinin tikintisi üçün sifarişi var.
“Seanews.az”