Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-29,
Seanews
Heyder Eliyev

Banqladeşin ən böyük limanının genişləndirilməsinə 1,11 milyard dollar xərclənəcək

Banqladeş Nazirlər Kabineti ölkənin ən böyük dəniz limanı olan Çattoqramın genişləndirməsi layihəsini təsdiqləyib.

“Portnews.ru” “Sinxua”-ya istinadən xəbər verir ki, “Bay Terminal” dəniz infrastrukturunun inkişafı layihəsi Banqladeş Müvəqqəti Hökumətinin baş müşaviri Məhəmməd Yunusun sədrliyi ilə Milli İqtisadi Şuranın İcraiyyə Komitəsinin iclasında təsdiq edilib.

Çattoqram liman administrasiyasının katibi Ömər Faruk bildirib ki, layihəni reallaşdıracaq podratçını seçmək üçün beynəlxalq tender keçiriləcək.

Layihənin ümumi dəyəri 1,11 milyard dollardır, bunun 344,2 milyon dolları liman administrasiyasının vəsaiti olacaq, qalan 766 milyon dollar isə xarici banklardan borc kimi götürüləcək.

Ömər Farukun sözlərinə görə, Dünya Bankı artıq 650 milyon dolların ayrılmasını təsdiqləyib və bu vəsait gələcək terminalın iki mühüm elementinə: dalğaqıranın tikintisi və yanalma kanalının dərinləşdirilməsinə sərf olunacaq.

Layihə Çattoqram şəhərində (Dəkkədən 242 km cənub-şərqdə) Benqal körfəzinin sahil xətti boyunca uzunluğu təxminən 4 km olan iki konteyner terminalının və bir ümumi təyinatlı terminalın inşasını nəzərdə tutur. Layihənin reallaşdırılması ilə limanın konteyner aşırma gücü 3,6 milyon TEU-ya çatdırılacaq.

Layihə sənədlərinə görə, ümumilikdə 13 yanalma körpüsü, terminal infrastrukturunu dalğaların təsirindən qorumaq üçün 6,217 km uzunluğunda dalğaqıran tikiləcək. Tikinti işlərinin 2031-ci ilin iyun ayına qədər başa çatdırılması nəzərdə tutulsa da, Banqladeş hökuməti bu müddətin sürətləndirilməsinə ümid edir, çünki sahədə dörd terminalın inkişafı bu infrastrukturdan asılı olacaq.

Qeyd edək ki, Banqladeşin cənub-şərqində yerləşən Çattoqram limanı ölkənin ən böyük və ən işlək yükaşırma mərkəzidir. Limanda Banqladeşin ümumi beynəlxalq dəniz yüklərinin təxminən 90%-i aşırılır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır