ASCO-da Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub
28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur bölmələrində maarifləndirici tədbirlər keçirilib.
Tədbirlər istehsalatda həyatını itirmiş ASCO əməkdaşlarının, eləcə də dünya üzrə istehsalat sahələrində həlak olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda ASCO-da sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində görülən işlər və həyata keçirilən layihələr haqqında məlumat verilib. Bildirilib ki, Ümumdünya Əməyin Mühafizəsi Gününün məqsədi əmək mühitində təhlükəsizlik və sağlamlıq sahəsinə diqqətin artırılması, həmçinin iş yerlərində baş verən qəza və peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş beynəlxalq həmrəyliyin gücləndirilməsidir.
Çıxışlar zamanı əməyin təhlükəsizliyinə riayət olunmamasının ağır nəticələrə səbəb olduğu bir daha diqqətə çatdırılıb.
Qeyd olunub ki, 28 Aprel 2003-cü ildən etibarən Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə Ümumdünya Əməyin Təhlükəsizliyi və Sağlamlığı Günü kimi qeyd olunur. Əvvəllər bu gün ABŞ və Kanadada 1989-cu ildən istehsalat qəzalarında həlak olan işçilərin anım günü kimi qeyd edilib. BƏT hər il bu gün üçün rəsmi mövzu elan edir və 2025-ci il üçün mövzu “Sağlamlıq və Təhlükəsizlikdə İnqilab: Süni İntellektin və Rəqəmsal Texnologiyaların İş Yerində Rolu” olaraq müəyyən olunub.
ASCO-nun struktur bölmələrində keçirilən tədbirlərdə bu mövzuya dair təqdimat nümayiş etdirilib, texnoloji transformasiyanın işçi təhlükəsizliyinə təsiri, süni intellektin risklərin öncədən proqnozlaşdırılmasında rolu və rəqəmsal nəzarət sistemlərinin inkişafı barədə müzakirələr aparılıb.
Sonda əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarına, ətraf mühitin mühafizəsinə və digər normativ-hüquqi tələblərə riayət edən, fəaliyyəti ilə seçilən əməkdaşlar mükafatlandırılıb.