İlin ilk rübündə elektron bilet istifadəçilərinin sayı açıqlanıb
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) elektron bilet sifarişi sistemi vasitəsilə 2025-ci ilin yanvar–mart ayları ərzində 670 sifariş rəsmiləşdirilib.
Bu sistem Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması, eləcə də yük və sərnişin daşımalarında sənədləşmə prosesinin sadələşdirilməsi və operativliyin təmin edilməsi məqsədilə tətbiq olunub.
Hesabat dövründə ən çox elektron bilet sifarişi Ələt–Kurık marşrutu üzrə qeydə alınıb – 517 bilet. Digər istiqamətlər üzrə 87 bilet Kurık–Ələt, 57 bilet Ələt–Türkmənbaşı, 9 bilet isə Türkmənbaşı–Ələt istiqamətində rəsmiləşdirilib.
ASCO-nun bərə gəmiləri ilə 2025-ci ilin ilk rübündə ümumilikdə 5882 sərnişin daşınıb.
Qeyd edək ki, ASCO-nun elektron bilet sifarişi sistemi 2016-cı ildən etibarən fəaliyyət göstərir. Sərnişinlər və yük daşıyıcıları https://public.acsc.az/online/payment/index/az/ internet ünvanına daxil olaraq onlayn bilet sifariş edə bilirlər. Sistemə daxil olduqdan sonra istifadəçilər yükün növü, yüklənmə və gediş limanları, nəqliyyat vasitəsi və ödənişçi barədə məlumatları təqdim edir və sistem avtomatik olaraq biletlərin dəyərini hesablayır.
Xatırladaq ki, hazırkı karantin rejimi ilə əlaqədar olaraq, Azərbaycan vətəndaşlarının bərə ilə ölkəni tərk etməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi tələb olunur. Xarici ölkə vətəndaşlarının ölkədən çıxarkən bu icazəni təqdim etməsinə ehtiyac yoxdur. Lakin Azərbaycana bərə ilə daxil olmaq istəyən həm Azərbaycan, həm də xarici vətəndaşlar həmin icazəni əldə etməlidirlər.