Gəmi-muzeydə “AIRO 2025”-in qala gecəsi keçirilib
“Azerbaijan International Robotics Olympiad” – “AIRO 2025” çərçivəsində ASCO-nun “Suraxanı” gəmi-muzeyində qala gecəsi təşkil olunub.
Tədbiri Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibində fəaliyyət göstərən ASCO-nun İdarə Heyəti sədrinin müavini Zaur Nağıyev açıq elan edib. Daha sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimli, Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin şöbə müdiri Hafiz Tofidi və AIRO-nun baş koordinatoru İmamir Mirzoyeva çıxış edərək, texnologiya sahəsində bu cür təşəbbüslərin vacibliyini vurğulayıblar.
Qala gecəsi zamanı layihənin uğurla reallaşmasında iştirak edən partnyor və dəstəkçilərə təşəkkürnamələr verilib.
Daha sonra beynəlxalq müsabiqələr laureatı, gənc balaban ustası Anar Vəlizadə tərəfindən maraqlı musiqi kompozisiyası təqdim edilib. Həmçinin qonaqlar gəmi-muzeyin ekpozisiya zalları, o cümlədən “Suraxanı” gəmi-muzeyi və “Azerobot Education”-un birgə əməkdaşlığı ilə yaradılmış robototexnika laboratoriyası ilə tanış olublar.
Qeyd edək ki, “AIRO 2025” çərçivəsində 10-11 may tarixlərində ADA Universitetində keçiriləcək ölkə çempionatında qalib gələcək komandalar dekabrda Yaponiyada baş tutacaq All Japan Robo-Sumo Tournament-in Grand Final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mübarizəyə qatılanlar arasında Azərbaycan Dövlət Dəniz Akademiyasının “ASCO TECHNO” komandası da var.
“AIRO 2025” Gənclər və İdman Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin dəstəyi və AzeRobot Educationun təşkilatçılığı ilə həyata keçirilir.