Hörmüz boğazındakı gərginliyin səngiməsi tankerlərlə daşınma haqlarına təsir göstərib
İsrail və İran arasında qarşıdurmanın dayanmasından sonra tanker daşınma tarifləri azalmağa başlayıb.
"Seanews.az" xəbər verir ki, bunu “Jefferies” şirkətinin analitiki Ömər Noqta bildirib.
Atəşkəsdən öncəki həftə gündə 2 milyon barel neft daşımaq gücünə malik olan supertankerlərin daşınma haqları iki dəfədən çox artaraq sutkada 60.000 ABŞ dollarını keçmişdi.
Məlumata görə, Körfəz bölgəsinə aid daşımalar üçün nəzərdə tutulan müharibə riski sığorta haqları 0,5 faizdən 0,35–0,45 faiz aralığına qədər enib. Bu, hər gün on minlərlə dollar məbləğində əlavə xərcin azalması deməkdir.
“McGill and Partners” sığorta şirkətinin dənizçilik üzrə rəhbəri Devid Smit də "sığorta haqları mütləq şəkildə yumşalmağa başlayıb" açıqlamasını verib. Bununla belə, o qeyd edib ki, müharibə risklərinə aid sığorta haqları hələ də nəzərəçarpacaq səviyyədə qalır və vəziyyət dəyişkəndir: "Lakin riskləri üzərinə götürməyə və bazara sığorta tutumu təklif etməyə hazır olan çoxsaylı sığorta şirkətləri mövcuddur. Bu da siyasi vəziyyətin nisbətən sabitləşməsi ilə birgə tariflərə azaldıcı təsir göstərir."