"Ørsted" şirkəti Tayvanda külək elektrik stansiyası üçün 3 milyard ABŞ dolları maliyyələşdirmə cəlb edib
Danimarkanın bərpa olunan enerji sahəsində ixtisaslaşmış aparıcı şirkəti "Örsted", Tayvan sahillərində yerləşən "Greater Changhua 2" dəniz külək elektrik stansiyası layihəsi üçün 3 milyard ABŞ dolları məbləğində maliyyələşdirmə təmin edib. Bu barədə şirkət rəsmi açıqlama yayıb.
Ümumi dəyəri 90 milyard Tayvan dolları (təxminən 3,08 milyard ABŞ dolları) olan maliyyə paketi 25 beynəlxalq bank və 5 ixrac kredit agentliyi tərəfindən dəstəklənib. Layihə iki hissədən ibarətdir: artıq istismarda olan "Changhua 2a", və tikintisi davam edən "Changhua 2b". İkinci hissənin 2025-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Maliyyələşmədə iştirak edən qurumlara Export Finance Norway, EIFO (Danimarka), KEXIM (Cənubi Koreya), T-EXIM (Tayvan) və UK Export Finance (Böyük Britaniya) daxildir.
Layihə Tayvanın bərpa olunan enerji sektoruna keçid strategiyasında mühüm yer tutur və "Örsted" şirkətinin Asiya-Sakit okean regionundakı mövqeyinin möhkəmlənməsinə töhfə verir.