Dünyada ilk ikitaktlı ammonyakla işləyən mühərrik yeni gəmidə quraşdırılıb
Seanews.az xəbər verir ki, Yaponiyanın “Mitsui E&S” şirkəti dünyada ilk ikitaktlı ammonyakla işləyən dəniz mühərrikini yeni tikilən gəmidə uğurla quraşdırıb. Gəmi “Mitsui Ocean Development & Engineering Company” (MODEC) üçün inşa olunur.
Quraşdırılan mühərrik Danimarkanın “MAN Energy Solutions” şirkəti tərəfindən dizayn edilib və “Mitsui-MAN B&W” markası altında istehsal olunub. Altı silindrli bu mühərrik ammonyakla işləmək üçün xüsusi hazırlanıb və istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq məqsədi daşıyır.
Sözügedən mühərrikin prototipi 2023-cü ilin dekabrında sınaqdan uğurla keçirilmişdi. Hazırda mühərrikin sazlanması və tənzimlənməsi mərhələsi davam edir. Gəminin 2026-cı ildə istismara verilməsi planlaşdırılır.
Layihə Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2050-ci ilə qədər “xalis sıfır emissiya” hədəflərinə uyğun olaraq həyata keçirilir. Ammonyakın alternativ yanacaq kimi tətbiqi gəmiçiliyin dekarbonizasiyası baxımından vacib mərhələ hesab olunur.