Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Maska taxılmamasına görə cərimələr qüvvəyə minib

Azərbaycanda karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimə tətbiq edilməsi barədə qanunvericiliyə edilən dəyişiklik bu gündən qüvvəyə minib.

Bu,  Prezident İlham Əliyevin dünən təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, bundan sonra aşağıda qeyd edilən yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə məcburidir:

  • Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri (avtobus, taksi, metro, dəmiryolu və s.)
  • Bazarlar
  • Qapalı ictimai iaşə, ticarət və xidmət obyektləri (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla)
  • Dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələr
  • Fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələr
  • Açıq sahəli ofislərdə və istehsalat yerləri
  • Tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlar
  • İbadət yerləri
  • Elm və səhiyyə müəssisələri
  • Sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlər
  • İctimai nəqliyyat dayanacaqları
  • Bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbələr

Həmçinin, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da tibbi maskadan istifadə olunmalıdır.

Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bundan başqa, həmin xətanın karantin dövründə təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır