Azərbaycanın fəaliyyəti Beynəlxalq Dəniz Təşkilatı tərəfindən yüksək dəyərləndirildi
Birləşmiş Millətlər Təşkilatının nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatı koronavirus (COVID-19) pandemiyası dövründə dənizçi peşəsinin “xüsusi diqqətə ehtiyac olan” peşə kimi nəzərə alınaraq müvafiq tədbirlərin görülməsi barədə 174 üzv dövlətə tövsiyyə məktubu ünvanlayıb. Beynəlxalq Dəniz Təşkilatının tövsiyyəsinə Azərbaycan daxil olmaqla 46 üzv dövlət riayət edib.
Dövlət Dəniz Agentliyindən verilən məlumata görə, Azərbaycan dövlətinin koronavirus pandemiyası dövründə dəniz nəqliyyatı sahəsinə, bu sahədə çalışan dənizçilərin həyatına xüsusi diqqət yetirməsi Beynəlxalq Dəniz Təşkilatı tərəfindən yüksək dəyərləndirilib.
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası dövründə dənizçi peşəsinin xüsusiyyətləri və xüsusilə onların tez-tez müxtəlif ölkələrə səyahət etməli olduqları nəzərə alınmaqla dənizçilərin qarşılaşdıqları və qarşılaşa biləcəkləri çətinliklərin aradan qaldırılması məqsədilə Beynəlxalq Dəniz Təşkilatının tövsiyələri əsasında Dövlət Dəniz Agentliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir və bu proses daim diqqətdə saxlanılır.