Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-03,
Seanews
Heyder Eliyev

Dünya ticarət donanması heyətlərinin təxminən 10,5%-ni təşkil edən Rusiya dənizçiləri çox böyük çətinliklərlə üzləşirlər

Sanksiyalar şəraitində də rus dənizçilərinə avropalı gəmi sahibləri tərəfindən tələbat var. Bu gün 30 minə yaxın rusiyalı dənizçi Avropa gəmiçilik şirkətlərinin gəmilərində işləyir. Lakin bu il sentyabrın ortalarında Avropa İttifaqı tərəfindən Rusiya vətəndaşlarına tətbiq edilən viza məhdudiyyətləri rus dənizçilərinə də şamil edilsə, vəziyyət kökündən dəyişə bilər.

Bunu Rusiya Dənizçiləri Həmkarlar İttifaqının (SUR) sədri Yuri Suxorukov Avropa Nəqliyyat İşçiləri Federasiyasının (MTS ETF) dəniz nəqliyyatı bölməsinin iclasındakı çıxışında deyib.

“Rus dənizçilərinə verilən Şengen vizaları onlara Avropa limanlarında  heyətləri dəyişmək üçün əksər Aİ ölkələri arasında sərbəst hərəkət etməyə imkan yaradır. Bununla belə, Rusiya vətəndaşlarının Avropaya girişinə məhdudiyyətlər kontekstində, vizanın müddəti bitdikdən sonra, heyət dəyişikliyi ilə bağlı problemlər qaçılmaz olacaq. Biz bunun ağrılı nəticələrini altı ay, maksimum bir ildən sonra görəcəyik”, - deyə Yuri Suxorukov xəbərdarlıq edib.

O, həmçinin bildirib ki, avropalı siyasətçilər nəqliyyat işçiləri üçün Şengen vizalarının verilməsində bir sıra istisnalar edib, lakin naməlum səbəblərdən ticarət donanmasının dənizçilərini bu siyahıya daxil etməyiblər. “Biz onlara aydın bir mesaj verməliyik: əgər siz sınaqdan çıxmış təchizat zəncirlərini saxlamaq və yüklərin əvvəlki kimi, dəniz yolu ilə rahat daşınmasını istəyirsinizsə, dənizçilərə qoyulan məhdudiyyətləri aradan qaldırın. Bunun üçün təkcə dənizçilər deyil, həm də ölkələrinizin vətəndaşları sizə təşəkkür edəcəklər”, - deyə Y. Suxorukov bildirib.

Beynəlxalq Gəmiçilik Palatasının (ICS) məlumatına görə, Rusiya dənizçiləri dünya ticarət donanması heyətlərinin təxminən 10,5%-ni, Ukrayna dənizçiləri isə 4%-dən çoxunu təşkil edir. Onların əksəriyyəti yüksək ixtisaslı peşəkar dənizçilərdir. Amma indi işlərində çox böyük çətinliklərlə üzləşirlər.

 

Dəniz nəqliyyatı işçiləri həmkarlar ittifaqları bu məsələdə həmrəydir: artan kadr çatışmazlığı şəraitində bu qədər əhəmiyyətli sayda peşəkar dənizçilərin işə cəlb edilməsinə əlavə maneələrin yaradılması yolverilməzdir. Belə ki, 2010-cu ildən 2015-ci ilə qədər komandir heyəti  kadrlarının sayı 25% artıbsa, 2015-ci ildən 2021-ci ilə qədər bu rəqəm cəmi 11% təşkil edib. Ekspertlər vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırırlar.

Tətbiq olunan sanksiyalar kontekstində dənizçilərin əmək haqqının dollar və ya avro ilə ödənilməsində problemlər yaranıb. Bir qayda olaraq, xarici şirkətlər yerli banklarda açılmış valyuta hesabları ilə işləyirdilər, onların çoxu sanksiyalara məruz qalıb. Nəticədə, xarici gəmi sahiblərinin hazırda Rusiya bankları vasitəsilə əmək haqqını köçürmək imkanları ciddi şəkildə məhdudlaşdırılıb. Dənizçilər əmək haqqını gəmidə nağd şəkildə də ala bilirlər, lakin bu gün dənizçilərin aylıq maaşı 10 min dollara qədərdir və evə qayıdarkən külli miqdarda vəsaitin, o cümlədən təhlükəsizlik səbəbi ilə sərhəddən daşınması mümkün deyil.

“Avropalı tərəfdaşlarımız aydın başa düşürlər ki, Avropa İttifaqının normal fəaliyyəti üçün mal və yük daşıyan rus dənizçilərini əvəz etmək mümkün deyil”, - deyə Yuri Suxorukov bildirib. - Ona görə də dənizçilərə Avropa İttifaqının sərhədlərini sərbəst keçmək imkanı vermək və onlar üçün Şengen vizalarının alınması prosesini mümkün qədər asanlaşdırmaq lazımdır.

“Seanews.az”  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır