“Hanwha Group” gəmiqayırma nəhəngini 13 il əvvəl təklif etdiyindən üç dəfə baha alacaq
Ciddi maliyyə çətinlikləri yaşayan gəmiqayırma nəhəngi “Daewoo Shipbuilding and Marine Engineering” (“DSME”) Cənubi Koreyanın “Hanwha Group” şirkətinə satıla bilər.
Cənubi Koreyanın ən böyük gəmiqayırma şirkətini dəstəkləmək üçün 2015-ci ildən bəri büdcədən təxminən 4,1 trilyon von sərmayə ayrılıb. “Business Korea”-nın yazdığına görə, “DSME” şirkəti “Hanwha Group”-a 2 trilyon vona satılacaq ki, bu da xərclənən dövlət vəsaitinin yarısından azdır.
“Hanwha” qrupu “DSME”-ni Koreya İnkişaf Bankından birbaşa 55,7% pay almaqla deyil, üçüncü tərəfin yeni səhmlər təklifi vasitəsilə “DSME”-də kapital artımında iştirak etməklə əldə edəcək. Beləliklə, “Hanwha“-nın “DSME”-dəki payı 49,3% olacaq, lakin payı əldə etmək üçün yatıracağı vəsait Koreya İnkişaf Bankına deyil, “DSME”-yə gedəcək. Bu o deməkdir ki, bank “DSME”-ni dəstəkləmək üçün yatırdığı vəsaitini geri qaytarmayacaq, baxmayaraq ki, onun şirkətdəki payı 55,7%-dən 28,3%-ə endiriləcək.
“DSME”-nin yeni səhmlərinin satışından əldə olunan vəsait gəmiqayırma sənayesində vəziyyəti normallaşdırmaq üçün istifadə olunacaq, çünki onun borc nisbəti 2021-ci ilin sonunda konsolidə edilmiş əsasda 379%-ə çatıb.
Qeyd edək ki, “Hanwha” qrupu “DSME”-ni 13 il əvvəl təklif etdiyi qiymətdən üç dəfə baha alacaq. Belə ki, 2008-ci ildə şirkət 6 trilyon vondan çox sərmayə qoyaraq “DSME”-ni əldə etməyə cəhd etdi, lakin qlobal maliyyə böhranı səbəbindən aktivi əldə etmək təklifini geri götürdü.
“Seanews.az”


