Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Səmimi insanın cazibədarlığı - Tamilla Bağırova

Haqqında keçmiş zamanda danışmaq ağır olsa da, bu gün barəsində söz açacağım Tamilla xanım o şəxslərdəndir ki, ondan əbədi ayrılıq  nə qədər qəm-qüssə gətirsə də, xəyallarımızda işığa dönüb yaşayır.

Mən bugünkü günə kimi onun ölüm xəbərinin məndə necə şok yaratdığını unuda bilmirəm. 2007-ci il aprelin 28-i, şənbə günü idi. Mən, Nəzakət xanım Pənahova və Tamilla xanım Bağırova həmin gün əməkdaşımızın yas mərasimində iştirak edirdik. Mərasim qurtardıqdan sonra həyətdə öz aramızda bir qədər söhbətləşib sağollaşdıq. Evə gəlməyimdən bir saat keçər-keçməz Nəzakət xanım mobil telefonuma zəng vurdu. Səsi indi də qulaqlarımdadır (Tamilla xanımla tələbəlik illərindən rəfiqə idilər). Mən eşitdiyimə inana bilmirdim. İnana bilmirdim ki, bir saat bundan əvvəl görüşüb-danışdığım xoştəbiətli, istiqanlı xanım artıq həyatda yoxdur...

Tamilla xanımı yaxından tanıyandan o mənə nağıl qəhrəmanını – “yıxılmaz qalay əsgərсiyi” xatırladırdı. Bəstəboy olduğuna görə yox – bu, heç gözə də çarpmırdı, həmişə dikdabanda və qaməti düz gəzirdi, məhz çətin məqamlarda duruş gətirməsinə, haqqı qorumaqda əyilməzliyinə görə.  Tamilla xanım prinsipiallığı ilə nə qədər fərqlənirdisə, bir o qədər də həssalığı ilə seçilirdi. Sədaqətli dost, fədakar nənə, həsas ömür-gün yoldaşı idi.

Onun davranış və geyim üslubunda öz dəst-xətti vardı. Həmişə işgüzar geyimdə olurdu, bər-bəzək sevmirdi. Hərəkətləri cəld, danışığı lakonik idi. Onunla tez-tez kitab mağazasında rastlaşırdıq. Tamilla xanım oxumaq istədiyim kitablarla maraqlanır, özü də böyük həvəslə nəvələri üçün kitab seçirdi.

Tamilla xanımın atası Həbib Məmmədov on beş yaşında Bakıya gəlib Dəniçilik texnikumunda oxumuşdu. 1932–ci ildən Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində mexanik işləyərək öz sənətində püxtələşmişdi. İkinci Cahan müharibəsi illərində rəhbərlik təcrübəli mexaniki təşkilatçılıq qabiliyyətinə görə Paris Kommunası adına gəmi təmiri zavodunda cəbhə üçün silah-sursatın hazırlanması işinin təşkilinə cəlb etmişdi. Həmin vaxtdan o, zavodda müxtəlif vəzifələrdə çalışmışdı.

Tamilla xanım 1957-ci ildə təhsil aldığı 175 nömrəli tam orta məktəbi bitirəndə, məktəbin sayılıb-seçilən şagirdlərindən biri olmasına baxmayaraq, əvvəlcə özünü istehsalatda sınamaq qərarına gəlib, məhz atasının çalışdığı zavodu seçmişdi. Zavodda xronometrajçı kimi əmək fəaliyyətinə başlayan Tamilla xanım 1958-ci ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Bakı filialı açılanda tərəddüd etmədən sənədlərini “Gəmi mexanikası” fakültəsinə vermişdi.

Mən Tamilla xanımdan atasının bu seçimə necə münasibət bəslədiyini soruşanda, onun heç nə demədiyini, Həbib kişinin susmağını isə onun razılığı kimi qəbul edildiyini demişdi. Tamilla xanım danışırdı ki, ona dəfələrlə zavodda rahat iş təşkil olunsa da, o, hər dəfə imtina etmiş və yalnız mexaniki bölmədə bir gün yer açıldığını eşidəndə, özü bölmə rəisinin yanına gedib orada işləməyə razılıq verməsini xahiş etmişdi. Rədd cavabı alanda da ümidini üzməmiş, hər gün bölmə rəisinin yanına gedib nəzəriyyəni səylə öyrəndiyini, artıq onu işdə tətbiq etmək vaxtının çatdığını söyləyərək, bu işin öhdəsindən gələcəyinə onu əmin etməyə çalışmışdı. Nəhayət, bir neçə gündən sonra bölmə rəisi gənc Tamillanın biliyini yoxlamaq qərarına gəlir. Atası Həbib kişi də bu “imtahan”da iştirak edir, lakin kömək üçün yox, məhz sabah qızının həqiqətən də bu işi bacaracağına əmin olmaq üçün. Odur ki, Həbib kişi də sorğu-sual verməkdə bölmə rəisindən “geri qalmır”. Lakin məktəbdə olduğu kimi, institutda seçilən tələbələrdən olan Tamilla xanım bu sınaqdan layiqincə keçir və bölmədə işləməsinə razılıq alır. Usta köməkçisi kimi ilk işi də o zaman zavodda təmirə dayanmış “İndigirka” gəmisində olur. 

1963-cü ildə Tamilla xanım ailə vəziyyəti ilə əlaqədar müvəqqəti olaraq “XəzərETAlayihə” institutuna keçir. Lakin institutdakı işi birbaşa gəmi təmiri müəssisələri ilə bağlı olduğundan, Tamilla xanım isə bilavasitə  zavodda çalışıb böyük təcrübə topladığından, rəhbərlik onun inistutda qalmağını məsləhət görür. Beləliklə, onun işgüzar həyatında yeni mərhələ başlayır.

Tamilla xanım institutunda mühəndis, böyük mühəndis və daha sonra baş mühəndis olaraq çalışır. Klaypeda (Litva) – Mukran (Almaniya) gəmi-bərə keçidinin layihələndirilməsındə, Bakı, Aktau, Krasnovodsk (indiki Türkmənbaşı) limanlarında gəmi-bərə keçidlərinin yenidən qurulması ilə əlaqədar aparılacaq tikinti işlərinin sənədləşdirilməsində bilavasitə iştirak edir.

Tamilla xanım 1981-ci ildə “Əmək rəşadətinə görə”, 1984-cü ildə isə “Əmək veteranı” medalı ilə təltif edilir.

1998-ci ildə isə onu institutun direktoru vəzifəsinə təyin edirlər. 

Mən Tamilla xanımı tanıyanda o, baş mühəndis idi. Səmimi,  xeyirxah insan, zəhmətkeş rəhbər işçi. Direktor olanda da xasiyyəti dəyişməz qaldı. İnsanlarla münasibətdə eyni səmimilik, işdə isə eyni əzmkarlıq, həvəs və zəhmət... Həyatsevər, pozitiv insan olan Tamilla xanım eyni zamanda böyük iradə sahibi idi. Ovqatının təlx olduğu vaxtlarda belə bunu müsahibinə sezdirməməyə, heç nə olmamış kimi davranmağa çalışırdı.

Tamilla xanım yaz fəslini, Novruz bayramını, onun nemətlərini – şəkərbura-qoğalı çox sevirdi və onun bu sevgisində həm də bir uşaq sevinci, heyranlığı vardı... Mənim də çox sevdiyim fəsil yazdır. Deyə bilmərəm, bəlkə elə ona görədir ki, yaz mehiylə Tamilla xanım yadıma düşür?

Tamilla xanım çox həssas ömür-gün yoldaşı idi. Həyat yoldaşı Vostok Bağırovla orta məktəbdə bir sinifdə oxumuş, bir zavodda çalışmışdılar. Hər ikisi elə məktəb illərindən öz liderlik xüsusiyyətlərini biruzə etdirmişdi.

Vostok müəllim də rəhbər işçi idi. Öz biliyi və zəhmətsevərliyi sayəsində tornaçılıqdan Xəzər Dəniz Gəmi Təmiri İstehsalat Birliyinin baş direktoru vəzifəsinədək yüksəlmişdi. Hamı onu zabitəli, prinsipial və eyni zamanda ədalətli rəhbər kimi tanıyırdı. Vostok müəllimlə  Tamilla xanım bir-birlərini söszüz başa düşür, bir-birlərinin fəaliyyət dairəsindən uzaq dururdular. Bütün kollektiv bilirdi ki, Tamilla xanımın rəhbərlik etdiyi instituta zavodun köməyi lazım olanda həyat yoldaşına deyil, Zaqfederasiya və ya İlham Allahverdiyev adına zavodların direktorlarına müraciət edir. Heyf, ömür vəfa etmədi ki, onlar birlikdə qocalsınlar, nəvələrinin uğurlarına birlikdə sevinsinlər...

Dünyaya gələn hər kəs təkrarsızdır deyirlər. Düzdür, amma o da var ki, hər təkrarsız unudulmaz olmur. Bu baxımdan, Tamilla xanım xoşbəxt ömür yaşayıb. Nə qədər ki, Tamilla xanımı tanıyanlar yaşayır – əminəm, o unudulmayacaq.

Sevda Abdullayeva - İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır