Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-08,
Seanews
Heyder Eliyev

Xəzərdən okeanlara uzanan ömür yolu

Onu uzaq səfərlər kapitanı kimi Azərbaycan Gəmiçiliyinin, demək olar ki, bütün yaşlı və orta nəsli tanıyır. Çünki qədim Gəmiçiliyin tarixində babaları kimi, necə deyərlər, o da öz səhifəsini yaza bilib. Söhbət Ağa Rəşid Ağasıyevdən gedir.

Ağasıyev Ağa Rəşid Qurban oğlu 22 may 1928-ci ildə Bakıda anadan olub. 1945-ci ildə Bakı Dəniz Yolları Məktəbinə daxil olub. 1949-cu ildə “Gəmi sürücülüyü” ixtisası üzrə təhsilini başa vurduqdan sonra Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində işləyərək kapitanlığa kimi yüksəlib.

 

Ağa Rəşid Ağasıyev Odessa Ali Dəniz Mühəndisləri Məktəbində “Gəmi  maşınları və mexanizmləri” ixtisası üzrə təhsilini tamamladıqdan sonra uzaq səfərlər kapitanı kimi fəaliyyət göstərib. Təcrübəli, məsuliyyətli kapitan səmimi və təmkinli şəxs kimi kollektivdə dərin hörmət qazanıb. “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri, habelə bir çox medallarla təltif edilib. “Dəniz Donanmasının Fəxri İşçisi” adına layiq görülüb.

Kapitan A. Ağasıyev pedaqoji fəaliyyətlə də məşğul olub – Bakı Dəniz Yolları Məktəbində, Bakı Balıq Sənayesi Texnikumunda öz ixtisası üzrə dərs deyib.

 

1990–1993-cü illərdə hamiyəçi-kapitan kimi çalışıb. Dənizə olan sonsuz sevgisi təkcə real gəmilərlə məhdudlaşmırdı; kapitan həm də böyük həvəslə gəmi modelçiliyi ilə məşğul olur, gəmilərin kiçik maketlərini hazırlayırdı.

 

1993-cü ilin sonundan etibarən “Xəzərdənizneftdonanma” İdarəsində işləyib. Burada da tələbkar, intizamlı və işini layiqincə yerinə yetirən bir mütəxəssis kimi böyük hörmət qazanıb, çətin tapşırıqların öhdəsindən bacarıqla gəlib. Müstəqil Azərbaycanın ABŞ sahillərinə yan alan ilk gəmisini idarə edib. O, kapitanı olduğu “Yarenqa” gəmisi ilə ABŞ-nin Norfolk limanından yedəyinə 2 gəmi alaraq Hindistanın Bombey (indiki Mumbay) limanına aparıb. Belə bir mürəkkəb və uzaq keçidi uğurla yerinə yetirərək Azərbaycan dənizçilik məktəbinin şərəfini ucaldıb.

 

Kapitan A. Ağasıyev, demək olar ki, ömrünün sonuna kimi fəaliyyətdə olub. Səksən yaşının tamamına 4 ay qalmış dünyasını dəyişmişdir. Gəmiçiliyin rəhbərliyi qocaman müəssisənin həyatındakı şəxsi xidmətlərini, gənc nəsil üçün örnək olan nümunəvi fəaliyyətini, dənizçilik kimi mürəkkəb sahədəki fədəkar əməyini yüksək dəyərləndirərək, Türkiyədə inşa olunmuş liman yedək gəmisinə kapitan Ağa Rəşid Ağasıyevin adını vermişdir.

 

Keçən ilin dekabrından isə “Suraxanı” tanker-muzeyində qocaman Gəmiçiliyin salnaməsinə adlarını yazdırmış görkəmli kapitanların fəaliyyətinə həsr olunan “Əfsanəvi kapitanlar” adlı ekspozisiyada uzaq səfərlər kapitanı Ağa Rəşid Ağasıyevə də məxsus şəxsi əşyalar və xatirə materialları nümayiş olunur.

 

                                        

 

Sevda Abdullayeva,

ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin

aparıcı mütəxəssisi

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır