XİLASEDİCİ HALQA VƏ JİLETLƏR
Tanıdığımız əşyaların tarixi: II hissə
Britaniyalılar müasir xilasedici jiletin sələfinin ixtirasını 1854-cü ilə aid edirlər. Bu ixtira Britaniya Kral Milli Xilasedici Qayıq İnstitutunun (Royal National Lifeboat Institution) müfəttişi, kapitan Uord tərəfindən yaradılmış mantar jileti idi. Bu jiletlər xilasedici qayıqların heyəti üçün nəzərdə tutulmuşdu; onlar həm əlverişsiz hava şəraitindən qorumalı, həm də insanın suyun üzündə qalmasını təmin etməli idi.

FOTO 5: Henri Frimen – möcüzəvi şəkildə sağ qalan xilasedici
Tarix: 1861-ci il. Məkan: Vitbi (Whitby), İngiltərə
Britaniyalı xilasedici Henri Frimen 1861-ci ildə baş vermiş dəhşətli dəniz qəzasından sağ çıxan yeganə şəxs olub. O gün Vitbi sahilində xilasetmə qayığı aşmış və Henridən başqa bütün heyət üzvləri həlak olmuşdu. Onu xilas edən isə əynindəki o zaman üçün inqilabi yenilik sayılan mantar jilet idi.
Fotoda mantar jiletinin ən sadə və "çılpaq" halını görürük. Diqqət yetirsək, jiletin hələ parça ilə örtülmədiyini müşahidə edə bilərik – bu, bilavasitə kapitan Uordun dizaynı idi: mantar blokları bir-birinə bağlanılmışdı. Fotonun dəyəri ondadır ki, mantarın təbii halda necə istifadə edildiyini aydın göstərir. Frimenin sağ qalması xilasedici jiletlərin effektivliyini bütün dünyaya sübut edən ilk böyük hadisə oldu və bu uğurlu təcrübə tezliklə bütün Britaniya və İrlandiya sahillərində tətbiq edilməyə başladı.

FOTO 6: Uoterford bölgəsinin dəniz xilasediciləri
Tarix: XIX əsrin sonları (təxminən 1880–1890-cı illər). Məkan: İrlandiya
Mantar bloklarının xırda hissələrə ayrılması dənizçinin rahat hərəkət etməsi (məsələn, avar çəkmək) üçün nəzərdə tutulmuşdu. Bu cür kollektiv fotolar o dövrdə həm də təbliğat xarakteri daşıyırdı; insanlara göstərilirdi ki, dəniz xilasediciləri artıq müdafiəsiz deyillər. Ön planda oturan dənizçilərin yanındakı fənər və digər ləvazimatlar da o dövrün xilasetmə texnologiyasının ayrılmaz hissələri idi.
“Titanik” və acı həqiqətlər
Mantar uzun illər xilasedici vasitələrdə əsas material kimi istifadə olundu. Lakin 1912-ci il 10 apreldə ilk və sonuncu səfərinə çıxan “Titanik” laynerinin qəzası xilasedici vasitələrin təkmilləşdirilməli olduğunu yenidən gündəmə gətirdi.

FOTO 7: “Titanik” gəmisi
"Titanik" filminə baxan hər kəs sərnişinlərə paylanan mantardan hazırlanmış xilasedici jiletləri yəqin ki xatırlayır.
FOTO 8: "Titanik"dən xilasedici jilet
İnsanlar təşviş içində jiletləri tələsik geyinir və bağlarını kifayət qədər bərk bağlamırdılar, hündür göyərtədən (təxminən 20–30 m) suya tullandıqları zaman jiletlər suyun müqaviməti ilə sürətlə yuxarı qalxırdı. Bir çox sərnişin suya dəyən andaca jiletin içindəki sərt mantarın çənəyə və ya boyuna vurduğu zərbədən travma alaraq ölür, ya da huşlarını itirərək boğulurdular.
Yeni material: Kapok
Zamanla mantara daha yaxçı bir alternativ tapıldı – kapok.

FOTO 9: Londonun çay polisinin (River Police) sınaqları
Tarix: 1930-cu il. Məkan: London şəhəri, Temza çayının sahili
Fotoda çay polisinin əməkdaşları yeni model xilasedici jiletləri sınaqdan keçirirlər. Maraqlıdır ki, polislər uniformalarında və ağır paltolarında suya tullanırlar. Bu, jiletin real qəza şəraitində (insan ağır geyimdə olarkən) sahibini suyun üzündə nə dərəcədə effektiv saxlayacağını yoxlamaq üçün edilən real sınaq idi.
Kapok lifləri tropik seyba ağacının (Ceiba pentandra) meyvələrindən əldə edilir. Seybanınmeyvələri iri kapsullar şəklində olur və yetişib quruduqda partlayır, içindən çox sayda balaca toxumlar və onları əhatə edən liflər çıxır. Bu liflər pambıqdan qat-qat yüngüldür, sukeçirməzdir və öz ağırlığından 30 dəfə çox yükü suyun üzündə saxlaya bilir, həm də yüksək istilik izolyasiya xüsusiyyətinə malikdir.

FOTO 10: Seyba ağacı və meyvəsi
Kapokun bu xüsusiyyətləri hərbi gəmilərdə xüsusilə vacib idi, çünki dənizçilər xilasedici jiletləri hətta yuxu zamanı belə çıxarmırdılar. İkinci Dünya Müharibəsində içi kapokla doldurulmuş xilasedici jiletləri dənizçilər lazımınca qiymətləndirdilər.

FOTO 11: Kanada Kral Donanmasının (RCN) gənc dənizçisi Robert Mur
Tarix: 1942-ci il 6 avqust. Məkan: Atlantik okeanı, “HMCS (His Majesty's Canadian Ship) Assiniboine” gəmisinin göyərtəsi
Bu foto baş vermiş şiddətli döyüşdən dərhal sonra çəkilib. Bir qəlpə gənc Murun jiletini deşsə də, kapok liflərinə ilişib qalıb. Beləliklə, material dənizçini suda qoruya bildiyi kimi, quruda – göyərtədə də qoruyub.
Mantar və kapokdan hazırlanan xilasedici jiletlər uzun illər boyu standart xilasedici vasitələr kimi qalıb.
(davamı var)
Sevda Abdullayeva,
ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin
aparıcı mütəxəssisi

