Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Heydər Əliyev Xəzər Dəniz Gəmiçiliyini necə xilas etdi?

1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyevin rəh­bərliyi illərində respublikada mövcud olan böyük sənaye obyektlərinin sayı 735-dən 1048-ə çatdırıldı. Çox ciddi kapital yatı­rımları ilə neft-maşınqayırma sənayesi­nin inkişafı o həddə çatmışdı ki, ABŞ-dan sonra ən böyük neft-maşınqayırma məh­sullarının istehsal müəssisələri məhz Azərbaycanda yerləşirdi. Azərbaycanda faktiki olaraq dünya bazarında rəqabətə davamlı məhsullar istehsalı müəssisələri yaradılmışdı. Bunlara, həmçinin “Ulduz” cihazqayırma, “Ozon”, Bakı məişət kon­disionerləri zavodlarının məhsullarını göstərmək olardı. 

Təbii ki, bu yanaşma Xəzər Dəniz Gəmiçiliyinin (XDG) də inkişafına səbəb oldu. Dəniz nəqliyyatına ciddi kapital qoyuluşu, XDG-nin donammasındakı gəmilərin sayının artırılması, maddi-tex­niki bazanın gücləndirilməsi, dənizçilərin əmək haqlarının artırılması məhz bu in­kişafın nəticəsi idi. Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olunandan sonra o vaxta qədər Azərbaycan üçün nəzərdə tutulan, amma naməlum səbəblərdən dondu­rulan bir çox layihələrin də donu açıldı. XDG-nin inkişafı yolunda H.Əliyev o döv­rdə misli görünməmiş addımlar atmağa nail oldu. 1984-1986-cı illərdə Yuqos­laviyada tikilən 8 gəmi-bərə də daxil ol­maqla, 196 gəmi XDG-nin donanmasına daxil edildi. Onlardan 115-i keçmiş SSRİ zavodlarında, 81-i isə xarici ölkələrdə inşa edilmişdi. 

Daim xalqının rifahını düşünən, azər­baycanlı olduğu ilə fəxr edən, müdrik insan, uzaqgörən diplomat Heydər Əliye­vin respublikada uğurla həyata keçirdiyi sənayeləşmə siyasəti həm də milli kadr-ların irəli çəkilməsi ilə müşayiət olunur­du. 1965-ci ildə XDG-nin rəisi, dörd dəfə “Lenin” ordeninə layiq görülmüş Mahmud Rəhimov Birləşmiş Ərəb Əmirliklərin­də dəniz nəqliyyatının inkişafına kömək göstərmək bəhanəsilə vəzifəsindən uzaqlaşdırıldı. SSRİ Dəniz Donanması Nazirliyinin təşəbbüsü ilə Nikolay Muxin XDG-yə növbəti dəfə rəis təyin edildi. Heydər Əliyev bu kadr yerdəyişməsinin hansı səbəbdən baş verdiyini yaxşı bi­lirdi. 29 dekabr 1968-ci ildə ulu öndərin dəstəyi ilə milli kadr Cabbar Əzim oğlu Haşımov Nikolay Muxinin yaratdığı süni maneələrə baxmayaraq, Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyinə gətirildi. Son­rakı illərdə aydın oldu ki, Heydər Əliyev Cabbar Haşımovu irəli çəkməkdə qətiy­yən yanılmayıb. 

XDG-nin sahil boyunca Həştərxan­da, Krasnovodskda (indiki Türkmənbaşı limanı) Şevçenkoda (indiki Aktauda) və Mahaçqalada limanları, təmir və istehsal müəssisələri vardı. Xəzər Dəniz Gəmi­çiliyi İttifaq əhəmiyyətli təşkilat, dövlət büdcəsinə böyük həcmdə valyuta gə­tirən rentabelli müəssisə kimi 1984-cü ildə SSRİ-nin yüksək mükafatlarından sayılan “Oktyabr inqilabı” ordeni ilə təl­tif olundu. Belə bir məqamda Kremldə XDG-nin Həştərxan Gəmiçilik İdarəsini Bakıdan ayırmaq niyyətinə düşdülər. Bu planın arxasında ciddi məqamlar var idi. XDG-yə tabe olan Həştərxan Gəmi­çilik İdarəsinin rəhbərliyi vilayət partiya komitəsi tərəfindən təqdim edilir və on­ların öz kadrları hesab olunurdu. Bu isə istər-istəməz, kadr siyasəti baxımından ikihakimiyyətliliyə gətirib çıxarmışdı. Hə­min ikihakimiyyətliliyin nəticəsi olaraq Bakı və Həştərxan arasında ciddi fikir ayrılığı yaranmışdı. Həştərxan vilayət partiya komitəsinin başbilənləri problemi öz məqsədlərinə uyğun həll etməyə ça­lışır, XDG-nin donanmasının hesabına müstəqil Həştərxan Gəmiçilik İdarəsi ya­ratmaq istəyirdi. Bundan sonra baş verən hadisələr detektiv janrındakı filmin süjeti­ni xatırladır.

Rus dilində Moskvada çıxan “Водный транспорт” (Su nəqliyyatı) qəzetinə XDG Həştərxan idarəsinin losmanlarının adın­dan şikayət məktubu təşkil edilir və hə­min məktub dərc olunur. Məktubda XDG tərəfindən Həştərxan idarəsinə qarşı ayrı-seçkilik göstərilməsindən, onların sifarişlərinin yerinə yetirilməməsindən, bəzi gəmilərdəki yaşayış sahələrinin sa­nitar normalara uyğun tikilmədiyindən və s. bəhs olunurdu. Qəzetdə yazını təşkil edən Həştərxan partiya komitəsi belə ucuz təbliğatla XDG-dən ayrılmanın zə­minini hazırlamağı düşünürdü. Losman­ların “Водный транспорт” qəzetinə şi­kayəti ilə bağlı SSRİ Dəniz Donanması Nazirliyi Baş Donanma İdarəsinin rəisi V.S.Zbaraşenkonun teleqraf sorğusuna (GF 9/6-163 07.07.85) Həştərxan idarə­sinin rəisi vəzifəsini icra edən V.İ.Mezent­sev aşağıdakı məzmunda cavab yazır (bir nüsxəsi XDG-nin rəisi Cabbar Haşı­mova göndərilir): 

“1. Xəzər Dəniz Gəmiçiliyinin Həş­tərxan idarəsində hazırda ixtisaslaşdı­rılmış losman gəmisi yoxdur. 21 aprel 1975-ci il tarixli 18 nömrəli müqaviləyə uyğun olaraq, Dəniz Donanması Na­zirliyinin əmri ilə “Vano Sturua” za­vodunda Xəzər Dəniz Gəmiçiliyinin Həştərxan idarəsinin sifarişi ilə 1535 saylı layihəsi üzrə losman gəmisi inşa edilir. Zavodun proqramına əsasən, 01/01/1986-cı il tarixinə gəminin inşası 29,3 faiz (772 min rubl) təşkil edəcək­dir. 

2. “Водный транспорт” qəzetində çap edilən şikayətdə göstərilən bütün nöqsanlar əsaslıdır. 

Bununla bağlı lazımi tədbirlər gö­rülür”.

Təşkil olunmuş prosesə Həştərxan vilayətinin partiya funksionerləri də qoşu­lur və onlar Sov.İKP Mərkəzi Komitəsinə müraciət edirlər. Müraciətdə XDG-nin ba­lansında olan gəmilərin böyük hissəsini əhatə edən Həştərxan Gəmiçilik İdarəsi­nin yaradılması məsələsi qaldırılır.

Bu müraciətdə göstərilən məsələ müsbət həll olunması üçün SSRİ Na­zirlər Sovetinin ünvanına göndərilir. Hə­min dövrdə SSRİ Nazirlər Soveti Sədri­nin birinci müavini kimi bütün nəqliyyat sahəsinə Heydər Əliyev nəzarət edirdi və məktub onun iş masasının üzərinə qoyulur.

Suyun haradan bulandırıldığını çox gözəl bilən Heydər Əliyevin mövqeyi konkret olur: Əgər siz müstəqil Həştərxan Gəmiçilik İdarəsi yaratmaq istəyirsinizsə, nəyə görə bu, Xəzər Dəniz Gəmiçiliyinin balansındakı gəmilərin hesabına olma­lıdır. Həmin gəmilərin böyük əksəriyyəti tanker, quru yük daşıyıcılarıdır və on­lar Volqa-Don kanalı ilə dünya suları­na çıxırlar. Bununla da ulu öndərin milli təəssübkeşliyi, qətiyyəti və dəmir məntiqi sayəsində “ayırıcıların” planının qarşısı yerindəcə alınır. Amma bu, tam qələbə deyildi. Heydər Əliyevin təlimatı ilə Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri Cabbar Haşı­mov əks-hücuma keçir. 

Ulu öndər Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri C.Haşımovu çox yaxşı tanıyırdı. Təsadüfi deyil ki, C.Haşımov birbaşa Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Xəzər Dəniz Gəmiçiliyinə rəhbər gətiril­mişdi və o, faktiki olaraq, Heydər Əliyevin kadrı sayılırdı. Bu səbəbdən XDG-nin rəi­si çox gözəl bilirdi ki, müəyyən mərhələ­dən sonra Həştərxan gəmiçiliyi ilə bağlı qaldırılan “problem” ittifaqın bütün nəqliy­yat sektorunu kurasiya edən SSRİ Nazir­lər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin nəzarətində olacaq. C.Haşımov Heydər Əliyevin bu xarakterli məsələlər­də prinsipiallığını yaxşı bildiyinə və axı­radək Azərbaycanın mövqeyindən çıxış edəcəyindən əmin olduğuna görə, 15 avqust 1985-ci il tarixində SSRİ Dəniz Donanması naziri T.B.Qujenkoya aşağı­dakı məzmunda 238/1 saylı məktubunu göndərdi. O, əks-hücum taktikalı məktu­bunda yazırdı:

“SSRİ Dəniz Donanması naziri yoldaş T.B.Qujenkoya

1984-1985-ci illərdə XDG-nin Həş­tərxan Gəmiçilik İdarəsinin maliyyə-təsər­rüfat fəaliyyətinin yaxşılaşdırılması is­tiqamətində müəyyən işlər görülüb.

Amma, təəssüf ki, Həştərxan Gəmi­çilik İdarəsinin rəhbər heyətinin və Okt­yabr İnqilabının 10 illiyi adına zavodun işində köklü dəyişikliyə nail ola bilmirik. Bu, Həştərxan Gəmiçilik İdarəsinin, Okt­yabr İnqilabının 10 illiyi adına zavodun və Bautino limanının ikiqat tabeliyində oldu­ğu üçün idarəetmədə struktur qüsuru ilə bağlıdır (maliyyə-təsərrüfat baxımından Xəzər Dəniz Gəmiçiliyinə, kadr siyasəti isə Həştərxan vilayət partiya təşkilatına aiddir). Bu da bir çox məsələlərin həllində operativliyin və səmərəliliyin itirilməsinə, məsuliyyətin azalmasına və s. gətirib çıxarır.

Digər tərəfdən, Həştərxan idarəsi­nin və Oktyabr İnqilabının 10 illiyi adına zavodun rəhbərləri yaxşı kadrları saxla­maq, müəssisələrin inkişafını sürətlən­dirmək, sosial-maddi həvəsləndirmələri artırmaq üçün məqsədyönlü tədbirlər görmək əvəzinə, vaxtlarının böyük his­səsini nəqliyyat donanması, birləşmə, ayrılma, müstəqillik məsələlərinə sərf edirlər. Həştərxan vilayətində kəskin kadr çatışmazlığı var və Xəzər Dəniz Gəmiçi­liyi bu məsələ ilə bağlı dəfələrlə öz fikrini bildirib.

Xəzər Dəniz Gəmiçiliyi Həştərxan idarəsinin, Bautino limanının, zavodların, daşımaçılığın idarə edilməsini və təkmil­ləşdirilməsini, iş prosesinin intensivləş­dirilməsini, gəmi təmirinin, gəmiqayırma işlərinin həcminin artırılmasını təmin et­mək üçün aşağıdakı tədbirləri həyata ke­çirməyi vacib bilir: 

1. Həştərxan idarəsinin nəqliyyat gə­miləri əsasında yeni qurum yaransın və bilavasitə Xəzər Dəniz Gəmiçiliyinin İstis­mar İdarəsinə tabe edilsin.

2. Oktyabr İnqilabının 10 illiyi adına Həştərxan gəmiqayırma zavodu “Xəzər­dənizgəmitəmir” İstehsalat Birliyinə veril­sin. 

3. Bautino limanı və “Kaspreyd­morput” İdarəsi Bakı, Krasnovodsk, Mahaçqala, Aktau, Bekdaş limanları kimi, birbaşa Xəzər Dəniz Gəmiçiliyinin “Xəzərdənizyol” idarəsinə tabe edilsin. 

4. Həştərxan idarəsi Xəzər Dəniz Gə­miçiliyinin dəniz agentliyinə çevrilsin”.

Xəzər Dəniz Gəmiçiliyinin rəisi Cabbar Haşımov 

15 avqust 1985-ci il. 

Bununla da XDG-yə qarşı Həştərxan­da hazırlanan, Moskvada həyata keçi­riləcək sifarişli təxribatın qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınır. Məhz ümummilli liderin yaxından dəstəyi ilə XDG şərəfli inkişaf yolu keçərək, hazır­da üçrəngli bayrağımızın dalğalandığı yüzlərlə gəmisi dünya sularında üzən su­veren Azərbaycanın Xəzər Dəniz Gəmi­çiliyi QSC kimi fəaliyyətini uğurla davam etdirir. 

Adıgözəl MƏMMƏDOV,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşı, Prezident mükafatçısı


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır