Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Dəniz xalqlarının Şərqi və Mərkəzi Aralıq dənizinə qorxu salan donanması keçdiyi hər yerə ölüm gətirirdi

Kim olduğu və haradan gəldikləri hələ də böyük bir müəmmadır. Eramızdan əvvəl 1200-cü illərdə Egey və Aralıq dənizi sahillərində yerləşən ölkələri Ön Asiya, Suriya, Finikiyanı yerlə-yeksan edərək qədim Misir dövlətinin mərkəzinədək irəliləmişdilər. Bu dağıcıdı istilalar Het dövləti, qədim Yunanıstan və Minos sivilizasiyasının süqutunda müstəsna rol oynadı. Troya tamamilə dağıldı, Uqarit süqut etdi.

Tunc dövrünü əhatə edən bu istilanın qarşısını kimsə ala bilmədi, mədəniyyətlərin inkişafını 1000 il gecikdirdi.

Qədim Yaxın Şərq tarixinə dair yazılı mənbələr bu işğallarla yox oldu, ona görə də bu istilaçı xalqlar haqda heç nə bilinmir. Ələ keçirdikləri ərazilərdə məksunlaşdılar, ya geri qayıtdılar? Məlum deyil. Ortada olan dəlillər isə iddia və nəzəriyyələr formasındadır.

Misir mənbələri Dəniz xalqlarının sürülər şəklində hücum etdiyini, şəhərlərin və ölkələrdən heç birinin bu hücumlara tab gətirməyərək yerlə-yeksan olduğunu iddia edir. Misirin böyük çətinliklə xilas olduğu bu xalqlar Het və Uqarit dövlətlərini xəritədən silmişdi.

Dəniz xalqları kimdir?

III Ramzes dönəminə aid mənbələrə görə, bu insanlar adalardan gəlmişdilər, bu səbəbdən adı “Dəniz xalqları” adlandırılırdı. Bu mənbələrə əsasən, həmin ada Girit ola və bu xalqların bir hissəsi həmin adadan gələ bilərdi. Lakin bir çox elm adamının qəbul etdiyi əsas məkan Ön Asiyanın qərb sahilləri və Egey dənizidir.

Zanggerə görə, Dəniz xalqları Troyanın əsarəti altında olan xalqlardan birinin müttəfiqi ola bilərdi. Zangger və başda Het mənbələri olmaqla bir çox dəlillərə görə, Dəniz xalqlarının istila dövrünə aid edilən müharibə böhranlarını əslində Troya və müttəfiqləri başlatmışdı.

Misir mənbələri Ekveş, Lukka, Şerden və Danuna adlı Dəniz qəbilələrinin əvvəldən Yaxın Şərqdə yaşadığını iddia edir. Pelest kimi digər qəbilələr isə sonradan gəlmişdi. Bu xalqlar arasında yer alan Ekveş, Lukka, Etrusk (Turşa), Zakarru və Denyenlərin isə Ön Asiya ilə bağları vardı. Qədim Şərq yazılı mənbələrində bu köçdə xalqların kütləvi hərəkətindən yox, bir qrupun keçdiyi ölkələrdə özlərinə yaxın olan qəbilələrlə birləşərək hərəkət etməsindən bəhs olunur.

Misir mənbələri

Mədinət Habu məbəd divarlarındakı yazılar Misir fironu III Ramzesin Dəniz xalqlarıyla döyüşməsinə dair əsas qaynaq sayılır. Bu Misir yazıları Dəniz xalqlarının kim olması və coğrafi kökənləri haqda müəyyən məlumatlar verir, bu mənbələrdə bu istilaçı xalqlar barədə “dənizin ortasındakı adalardan gəlirlər” deyilir.

Araşdırmaçılar Dəniz xalqlarının əslində birlikdə hərəkət edən qarışıq qrup olduğunu və Egey adalarından, Ön Asiyanın Qərb sahillərindən, Mikenay və ya Suriyadan gələn xalqlardan formalaşdığını iddia edir. Məlumata görə, Dəniz xalqlarının bir sıra qəbiləsindən formalaşmış Pelestlər qədim misirlilər kimi tabutları insan fiqurları ilə bəzəyirdilər. Bu tabutların e.ə. XII əsrə aid olduğu iddia olunur.

Bu xalqın ümumi adı Dəniz adlandırılsa da, Denyen, Şerden, Tçeker, Tereş, Şekeleş və Peleset kimi qəbilələri də vardı. Bu qəbilələr “Müqəddəs” kitabda Pelestlər adlandırılır. Məsələn, Misir mənbələrində Dəniz xalqlarının geyimlərindən bəhs olunur, Şerdenlerin buynuzlar və müxtəlif bəzək əşyaları ilə bəzədilmiş dəbilqələrindən, Pelesetlərin don geyinməsindən, qopuzdan istifadə etməsindən, saç və ya at qılından bəzədilmiş dəbilqələrindən danışılır.

Böyük köç və səbəbləri

Dəniz xalqlarının köç etməsinin bir sıra səbəbləri vardı. Bu səbəblər arasında əhali sayının sürətlə artmasından dolayı ortaya çıxan qıtlıq, quraqlıq və anomal iqlim şərtlərinin yol açdığı yoluxucu xəstəliklər də qeyd edilir. Həmin dönəmlərdə misirlilərin Het dövlətini aclıqdan xilas etmək üçün taxıl göndərdiyi tarixi mənbələrdə öz əksini tapıb. Əhali sayının artması və qıtlıq Dəniz xalqları üçün çətin vəziyyət yaratdı. Həmin dövrlərdə hökmdarlar çıxış yolu axtarmağa başladı, bəziləri qonşu ölkələrə hücum etdi, bəziləri isə dəniz quldurluğuna yönəldi.

Misirlilər şerdenləri ilk dəfə Misir gəmilərini yağmalayan dəniz quldurları kimi tanımışdı. Əksəriyyəti ələ keçirilərək həbs olunsa da, sonralar fironun özəl mühafizə dəstəsində xidmət etməyə başladı. III Ramzesin şerdenli dəstələri misirlilərlə birlikdə öz soylarına qarşı savaşdı.

III Ramzeslə savaş

İstilaçı Dəniz xalqları savaşa zirehli geyim, buynuzlu dəbilqə və ya tüklə bəzədilmiş baş geyimləri ilə gedirdi.

Dəniz xalqlarının hücumları getdikcə artırdı və buna görə də Misir öz düşməni liviyalılarla ittifaq qurmağa məcbur oldu. Bu vaxta Dəniz xalqları iki yerə parçalandı, hücumları həm dənizdən, həm də qurudan həyata keçirdilər. Dəniz donanması yaradan qruplar Şərqi Aralıq dənizindən, bir qrup isə qurudan hücumlara başlamışdı.

Dəniz xalqlarının Şərqi və Mərkəzi Aralıq dənizinə qorxu salan donanması keçdiyi hər yerə ölüm gətirirdi. Ən təəccübləndirici qələbələrini Het dövləti üzərində qazandılar. Savaşçı, məğlubedilməz ordusu olan və dəmir silahlarla güclənmiş Het imperiyası bu hücumlar qarşısında tab gətirə bilməyərək xəritədən silindi.

Dəniz xalqlarının gəlişi və hücumu qorxunc idi. Bölgə ölkələrindən birinin hökmdarı Dəniz xalqlarının öz dövlətindən uzaqda olduğu və hücumun olmayacağı haqda məktub yazmışdı. Yazının mətni gil lövhəyə yazılmışdı, amma bu məktub heç vaxt göndərilmədi. Gil lövhə sobada bişmədən Dəniz xalqları gözlənilmədən hücum edərək şəhəri yox etdilər. Lövhə 3000 il sonra areoloqlar tərəfindən tapıldı.

Dənizdən gələn düşmənlər

Dünyanın ən güclü imperiyası – Misir təhlükə qarşısında idi, III Ramzes bütün ordunu səfərbər etmişdi. Lakin kahinlər qurbangahın qarşısında fironu xoş xəbərlə müjdələdi, tanrı Ra yenidən doğulmuşdu. Hadisə e.ə. 1190-cı ildə baş verdi.

Fironun ordusu Misirin taleyi üçün döyüşəcəkdi. Hər kəs Aralıq dənizin şimal və şərqində gəzişən bu istilaçı xalqları gözləyirdi, keçdiyi hər yerə ölüm və aclıq aparan Dəniz xalqlarını…

Nildə ölüm

Qoçbaşlı Misir gəmiləri Dəniz xalqlarının gəmilərinə çırpılır, br neçə gəmi isə sahildə gözləyən misirlu oxçulara doğru üzür. Arxada III Ramzesin nəhəng fiquru görünür. Bu dəniz savaşını əks etdirən rəsm Ramzes tərəfindən Nilin qərb sahilində, Mədinət Habuda tikilən böyük bir məbədin divarına oyulmuşdu.

Qəfil ovlanan düşmən

Məlumata görə, Dəniz xalqları Misir ordusunun müqavimət göstərməyəcəyini düşünürdü. Bəlkə də özlərinə daha çox güvənir və asan qələbə qazanacağına əmin idilər. Çünki asan zəfərlərlə öyrəşmişdilər. Ön Asiya və Yaxın Şərqin böyük bir hissəsini yerlə-yeksan etmiş, üz-üzə gəldiyi bütün orduları məğlub eləmiş, Misirin bir nömrəli düşməni Het dövlətini belə darmadağın etmişdilər.

Misir ordusu isə düşməni qəfil ovladı – ələ keçirmək və yerləşmək üçün yeni ölkə axtaran Dəniz xalqları mühasirənin ortasında qalmışdı. Savaş çox sərt və qanlı oldu. Dəniz xalqları ilk dəfə məğlub oldu. Lakin bu quruda baş verən döyüşün nəticəsi idi.

Dəniz xalqları yoxa çıxır

Quru savaşı geridə qaldıqdan sonra qarşıda daha bir mübarizə vardı. Dəniz xalqlarının Nilin deltasında gözləyən döyüş donanması Misirin paytaxtı Memfisə doğru hərəkət etmək üçün əmr gözləyirdi.

III Ramzes Dəniz xalqlarını məğlub etmək üçün Misir tarixinin ən böyük hərbi donanmasını qurdu. Ticarət və nəqliyyat gəmilərini də bu donanmaya cəlb etdi. Firon döyüşü qurudan idarə edirdi. Bu anadək məğlubedilməz kimi tanınan Dəniz xalqıyla bəlkə də Misirin taleyini həll edə biləcək bir savaşa girəcəkdi.

Fironun ordusu Dəniz xalqlarının gəmisinə qurudan hücuma keçdi, misirli oxçular bir anda Nilin suyunu qan qırmızısına boyadı. Dənizlilərin gəmilərinə hücum edən Misir ordusu günün sonunda zəfər qazandı. Dəniz xalqlarından xilas ola bilənlər Misir torpaqlarından qaçdılar və bir daha geri qayıtmadılar.

Mənsur Rəğbətoğlu


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır