Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Xəzər neftçisi əmək növbəsindədir

Pandemiya ilə davamlı mübarizə sayəsində Neft Daşlarında iş ahəngdar davam edir, tapşırıqlar layiqincə yerinə yetirilir

Koronavirus pandemiyasının hökm sürdüyü və sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu indiki dövrdə də Xəzər neftçiləri iş başındadırlar.

Digər istehsalat sahələrindən fərqli olaraq dənizdə əmək növbələri saatlarla deyil, günlərlə davam edir. Bəs yaranmış mürəkkəb şəraitdə neftçilərimiz əmək növbələrinə necə gedib-gəlir, necə çalışır və onların gözəgörünməz, amansız düşmən - COVID-19-dan qorunması üçün hansı tədbirlər görülür? Çoxlarımızı maraqlandıran və qayğılandıran bu suallara əfsanəvi dəniz şəhərinin timsalında cavab tapdıq.

SOCAR-ın "Azneft” İstehsalat Birliyindən aldığımız məlumatda diqqəti ən çox çəkən məqam odur ki, dəniz neftçiləri işə gəlməzdən əvvəl bir sıra hotellərdə 7-8 gün müddətində xüsusi karantində qalırlar. "Neft Daşları” NQÇİ əməkçilərinin iş yerinə gəlişi 7 günlük karantin müddətindən sonra, onlardan iki dəfə COVID-19 test analizi götürülməklə həyata keçirilir. Birinci analiz hotellərə daxil olan gün, ikincisi isə karantin müddətinin yeddinci günü götürülür. Hər iki analiz nəticələri neqativ çıxan işçilər hotellərdən xüsusi ayrılmış avtobuslarla Pirallahı və Zabrat vertolyot meydançalarına və oradan vertolyotlarla, eyni qaydada Bakı Dəniz Vağzalından (zərurət olduqda Zığ limanından) gəmilərlə Neft Daşlarına gətirilirlər. Test analizi nəticələri müsbət çıxmış işçilər isə Təcili Tibbi Yardım briqadaları həkimlərinin müvafiq rəylərinə əsasən xəstəxanalara yerləşdirilir və ya evdə müalicələrini davam etdirirlər.

Ümumiyyətlə, Neft Daşları ərazisində COVID-19 pandemiyasının yayılmasının qarşısının vaxtında alınması üçün bütün zəruri profilaktik və təxirəsalınmaz tədbirlər görülüb. Sahələrin hamısında mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir və işçilər arasında maarifləndirmə söhbətləri aparılır.

İşçilər sahildən Neft Daşlarına və Neft Daşlarından sahilə qeyd edildiyi kimi, dəniz və hava nəqliyyatı ilə çatdırılır. Özüllərdə işləyənlərin gətirilib-aparılması, içməli suyun və ərzaq məhsullarının isə gəmilərlə yerinə çatdırılması təşkil edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi tapşırıqlardan irəli gələn xüsusi (hazırda sərtləşdirilmiş) karantin rejimi qaydalarına əməl edilməsinin zəruriliyi mütəmadi olaraq işçilərin diqqətinə çatdırılır. Yoluxma hallarının qarşısının alınması məqsədilə neftçilərin istər hotellərə yerləşdirilməsi zamanı, istərsə də iş vaxtı bütün açıq və qapalı sahələrdə ara məsafəsini (1,5-2 metr) gözləməli olduqları onlara bir daha xatırladılır. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.), həmçinin infeksiya əleyhinə antiseptik və dezinfeksiyaedici vasitələrdən istifadənin vacibliyi mütəmadi olaraq qeyd edilir.

Koronavirus infeksiyası ilə mübarizə çərçivəsində "Neft Daşları” NQÇİ tərəfindən bir sıra əmrlər və tapşırıqlar verilib. Bu il pandemiya başlayandan dekabrın 10-dək NQÇİ üzrə kənar təşkilatlar da daxil olmaqla ümumilikdə 15120 nəfərdən COVID-19-a test analizi götürülüb. Hər ay təxminən 1700-1800 nəfərə yaxın işçi hotellərə yerləşdirilir ki, onlardan da həmin müddətdə 3500-ə yaxın test analizi götürülür.

İşçilər mütəmadi olaraq qoruyucu maska və əlcək, antiseptik maddələr, dispenserlər, antibakterial və maye sabunlar, spirt, nəm salfet və mikrob əleyhinə digər vasitələrlə təmin edilir. Ölkədə yoluxma hallarının artması ilə əlaqədar Neft Daşlarında pandemiya ilə mübarizə tədbirləri daha da gücləndirilib. Yoluxma mənbələrinin yaranmasına imkan verməmək üçün mütəmadi olaraq maşın-mexanizimlərlə qəsəbə, mədən ərazisindəki yollar dizinfeksiyaedici məhlullarla yuyulur, vertolyot və gəmi ilə gələn sərnişinlərin əl çantaları əraziyə texniki avadanlıqlar vasitəsilə qabaqlayıcı kimyəvi dezinfeksiya tədbirləri görüldükdən sonra buraxılır.

Bu tədbirlər ardıcıl olaraq yataqxanalarda, iş otaqlarında, istehsalat sahələrində, ictimai iaşə obyektlərində də aparılır. Bundan əlavə, "Ekol Mühəndislik Xidmətləri” QSC-nin dezinfektorları ilə adıçəkilən sahələrdə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri həyata keçirilir.

"Azneft” İstehsalat Birliyində də qabaqlayıcı tədbirlər davam edir. Birliyin idarəetmə aparatında koronavirus epidemiyasının yayılmasının qarşısının vaxtında alınması, lazımi-zəruri profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılan fövqəladə əksepidemik qərargah tam gücü ilə fəaliyyət göstərir. Mövcud vəziyyət daim nəzarət altında saxlanılır.

Görülən davamlı tədbirlər sayəsində və güclü iradə ilə fədakar Xəzər neftçisi COVID-19-la mübarizədən qalibiyyətlə çıxacaq. "Neft Daşları” NQÇİ-nin ilin ötən 11 ayında qazandığı göstəricilər - neft və qazçıxarma tapşırıqlarını artıqlaması ilə yerinə yetirməsi təsdiqləyir ki, Azərbaycan neftçiləri hər cür ekstremal şəraitdə uğur, qələbə qazanmağa qadirdirlər. 

Flora SADIQLI,

"Azərbaycan”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır