Çin gəmiqayırma zavodu iki avtomobil daşıyıcısının inşasına başlayır
Çinin “Longkou” gəmiqayırma zavodunda (“CIMC Raffles”-ə məxsusdur) iki “Sleipner” avtomobil daşıyıcısından birincisinin özülünün qoyulması mərasimi keçirilib.
“Seanews.az” xəbər verir ki, yeni yük maşınlarının və minik avtomobillərinin daşınması üçün ixtisaslaşdırılmış gəmilərin (PCTC) tutumu 6,5 min avtomobil olacaq. “Wallenius Marine” tərəfindən sifariş edilən gəmilər hazır olduqdan sonra istismar üçün “Volkswagen Konzernlogistik GmbH & Co. OHG.” şirkətinə taym-çarterə veriləcək.
“Wallenius Marine” və “Volkswagen” şirkətləri 2021-ci ilin yayında bir neçə növ yanacaqdan istifadə edə biləcək iki gəmi üçün müqavilə imzalayıb. “Wallenius Marine”-in mütəxəssisləri gəmilərin layihələndirilməsində iştirak ediblər və tikinti prosesinə sifarişçinin nümayəndələri nəzarət edəcəklər. “Volkswagen Konzernlogistik” şirkəti “Volkswagen Group”-un istehsal etdiyi yeni avtomobilləri daşıyacaq. “Wallenius Marine” və “Volkswagen Konzernlogistik” şirkətləri 10 ilə yaxındır əməkdaşlıq edirlər.
“Sleipner” layihəli gəmilər çox yanacaqlı mühərriklərdən istifadə, həmçinin tam yükləndikdə ballast suyuna ehtiyacın olmaması ilə seçilir. İlk gəminin 2023-cü il iyunun 30-da suya buraxılması və üç ay sonra - oktyabrın 30-da sifarişçiyə təhvil verilməsi planlaşdırılır.
İkinci gəminin təhvil verilməsi isə 2024-cü ilin əvvəlinə nəzərdə tutulur. Gəmilərin uzunluğu 200 metr, eni 37 metr, yük tutumu 6500 CEU-dur.
Qeyd edək ki, İsveçin “Wallenius Marine” şirkəti gəmilərin layihələndirilməsi və idarə olunması üzrə ixtisaslaşmışdır. Baş ofisi Stokholmda yerləşir.