Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

“Evergreen” 187 milyon dollarlıq konteyner sifariş edib

Tayvanın konteyner daşıyıcısı “Evergreen” təxminən 187 milyon dollar dəyərində 60,5 min yeni konteyner sifariş edib.

Bu barədə “seanews.az” “The Loadstar”-a istinadən xəbər verir.

Honkonqun “CXIC Group”-u “Evergreen” üçün 23 min konteyner istehsal edəcək, qalanları Çinin “Guangdong Fuwa Equipment Manufacturing” (21 min konteyner) və “COSCO Shipping Development”-in bölməsi olan “Dong Fang International” (16,5 min konteyner) tərəfindən tikiləcək.

Bu, “Evergreen”-in cari ildə ikinci böyük sərmayəsidir. İyun ayında dünyanın yeddinci ən böyük konteyner xətti Çinin “CSSC Huangpu Wenchong Shipbuilding” gəmiqayırma zavoduna 2400 TEU tutumlu altı iki yanacaqlı konteyner gəmisi sifariş verib. Müqavilənin ümumi dəyəri 348 milyon dollar təşkil edib.

“Evergreen” həmçinin “Dong Fang”, “China International Marine Containers” və “Singamas” şirkətlərinə ümumilikdə 162 milyon dollar dəyərində 50 min konteyner sifariş edib.

Bundan əlavə, keçən ay “Evergreen”-in metanolla işləyən on bir 24 000 TEU tutumlu iki yanacaqlı konteyner gəmiləri üçün əsas gəmi istehsalçılarından təkliflər istədiyi barədə məlumat yayılmışdı.

Tayvanlı operator donanması böyüdükcə daha çox konteynerə ehtiyacı olduğunu söyləyib. 2024-cü ilin ilk 9 ayı üçün xəttin xalis gəliri illik müqayisədə üç dəfə artaraq 3,5 milyard dollara, gəliri isə 68% artaraq 11 milyard dollara çatıb. Qırmızı dənizdəki böhran konteyner daşıma tariflərinin “Covid”-dən bəri görünməmiş səviyyələrə qalxmasına səbəb olub.

“Drewry”-nin hesablamalarına görə, bu il ümumi tutumu 5,79 milyon TEU olan konteynerlər istehsal olunacaq. Bu, ikinci ən yüksək tarixi rəqəmdir. Yalnız 2021-ci ildə daha çox istehsal edilib: 7,1 milyon TEU.

Keçən il yükdaşıma tariflərinin əhəmiyyətli dərəcədə azalması fonunda yeni konteynerlərə tələbat zəif idi. Bu ilin may ayında “Cosco Shipping Development” (“CSD”) 2024-cü ildə konteynerlərə tələbin artacağını proqnozlaşdırmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır