Çin şirkətinə məxsus quru yük gəmisi Kalininqrad yaxınlığında sahilə çıxıb
Baltik dənizində, Rusiyanın Kalininqrad vilayəti sahillərində güclü fırtına səbəbindən Baham adaları bayrağı altında üzən “Sunny Faith” quru yük gəmisi dayazlığa oturub.
“Seanews.az” xəbər verir ki, 17 221 ton dedveytə malik, 130 metr uzunluğundakı gəmi Əlcəzairin Skikda limanından səfərə başlayıb və oktyabrın 9-da Yantarnı kurort şəhəri yaxınlığında sahilə çıxıb.
Hadisə zamanı gəmidə 19 nəfərdən ibarət heyət olub. Çin şirkətinə məxsus və onun tərəfindən idarə olunan gəminin kapitanı təxliyəyə ehtiyac olmadığını bildirib. Dənizdə Xilasetmə Xidməti fırtınanın səngiməsini gözləyir. Bundan sonra yedək gəmiləri “Sunny Faith” gəmisini sahildən çıxarmağa çalışacaq.
İlkin məlumata görə, gəminin gövdəsində zədələnmə və ya su sızması əlamətləri yoxdur. Gəmi ballast vəziyyətində, yəni kommersiya yükü daşımadan üzürmüş.

