“HD Korea Shipbuilding” 371 milyon dollara dörd LNG bunker gəmisi inşa edəcək
Cənubi Koreyanın “HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”) gəmiqayırma şirkəti 18 000 kubmetr tutumlu dörd mayeləşdirilmiş təbii qaz (LNG) bunker gəmisinin tikintisinə dair müqavilə imzalayıb.
“Seanews.az” xəbər verir ki, sifarişçi Afrika gəmiçilik şirkətlərindən biridir, sövdələşmənin dəyəri isə 371 milyon dollardır (538,3 milyard von).
Gəmilər “HD Hyundai Mipo” tərsanəsində tikiləcək və 2028-ci ilin ikinci yarısına qədər istismara veriləcək. Onlar “gəmidən-gəmiyə” bunker üçün istifadə olunacaq.
Nəşr xatırladır ki, LNG ilə işləyən gəmilərin sayı 2033-cü ilədək 149% artaraq 472-dən 1174 ədədə çatacaq. Bunkerləmə üçün illik LNG istehlakının isə 2028-ci ilədək 15 milyon tona yüksələcəyi proqnozlaşdırılır.
2024-cü ilin sentyabr ayında “HD KSOE” iki 18 000 kubmetrlik və bir 12,5 min kubmetrli LNG bunker gəmisinin tikintisi üçün sifarişlər alıb. Noyabr ayında şirkət tutumu 18 min kubmetr olan daha dörd gəminin inşası üçün müqavilələr bağlayıb.