Cənubi Koreyada 18 min kubmetr tutumlu daha bir LNG bunker gəmisi tikiləcək
Cənubi Koreyanın gəmiqayırma şirkəti “HJ Shipbuilding & Construction” (“HJSC”) Cənubi Koreyanın “H-Line Shipping” şirkəti ilə 87,4 milyon dollarlıq (127,1 milyard von) müqavilə imzalayıb. Müqavilənin şərtləri 18 min kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) tutumlu bunker gəmisinin tikintisini nəzərdə tutur.
“Seanews.az” xəbər verir ki, 2014-cü ildə bu şirkət dünyanın ilk LNG bunker gəmisini inşa edib. 5,1 min kubmetrlik gəmi Yaponiyanın “NYK Line” xətti gəmiçiliyinə təhvil verilib. Üç il sonra, 2017-ci ildə “NYK Line” şirkəti “HJSC” tərəfindən istehsal olunan oxşar bunker gəmisini təhvil alıb.
Yeni gəminin uzunluğu 144 metr, eni 25,2 metr və bortunun hündürlüyü 12,8 metr olacaq. Layihə gəminin LNG üçün iki yük çəni, həm qaz, həm də dizel yanacağı ilə işləmək üçün iki yanacaqlı elektrik stansiyası ilə təchiz edilməsini nəzərdə tutur. Gəmi “yan-yana” bunker əməliyyatları həyata keçirə biləcək.
LNG bunker gəmilərinə sifarişlərin artması bu yanacaq növünə tələbatın proqnozlaşdırılan artımı ilə izah olunur. “TotalEnergies Marine Fuels”-in təxmininə görə, LNG bunkerinə tələbat 2017-ci ildə 400 000 tondan 2025-ci ildə 10 milyon tona yüksələcək.
Qeyd edək ki, “HJ Shipbuilding & Construction” (“HJSC”) 1937-ci ildə əsası qoyulmuş, mərkəzi ofisi Cənubi Koreyada yerləşən beynəlxalq gəmiqayırma şirkətidir (əvvəlki adı: “Hanjin Heavy Industries & Construction”). Mayeləşdirilmiş təbii qaz (LNG) və mayeləşdirilmiş neft qazı (LPG) tankerləri, kabel çəkən gəmilər, konteynerdaşıyanlar, buzqıranlar, sahil mühafizəsi və Hərbi Dəniz Qüvvələri üçün gəmilər inşa edir.
“H-Line Shipping” müxtəlif yüklərin, o cümlədən LNG-nin daşınması ilə məşğul olan gəmiçilik şirkətidir.