Kanada Sahil Mühafizəsi saya oturan “MSC Baltic III” konteyner gəmisini havadan və sahildən izləyir
Kanada sahillərində saya oturan “MSC Baltic III” gəmisinin gövdəsinin qiymətləndirilməsi zamanı dəliklər aşkar edilib.
“Seanews.az” bildirir ki, Kanada Sahil Mühafizəsi sosial şəbəkədə belə məlumat yayıb.
“Biz “Baltik III” gəmisi ilə bağlı vəziyyəti sahildən və havadan izləməyə davam edirik. Heç bir çirklənmə aşkar edilməyib.Gövdənin qiymətləndirilməs dəliklərin olduğunu təsdiqlədi. Gəmi dənizin dibində möhkəm oturub və hazırda dayanıqlı vəziyyətdədir”, - məlumatda deyilir.
“CCGS Jean Goodwill” sahil mühafizə gəmisinin zərurət yaranarsa, mümkün neft sızıntısına operativ reaksiya vermək üçün hadisə yerində qaldığı bildirilir. Xilasetmə qrupu konteyner gəmisinin vəziyyətini "dənizdəki hava şəraitini nəzərə alaraq mümkün qədər yaxşı" qiymətləndirməyə davam edir.
Xatırladaq ki, “MSC Baltic III” gəmisi Kanada sahillərində, Nyufaundlend və Labrador körfəzinin girişindən təxminən 12 mil aralıda saya oturub. Konteyner gəmisinin 20 heyət üzvünün hamısı helikopterlə təhlükəsiz yerə təxliyə edilib.
“MSC Baltic III” konteyner gəmisi 2003-cü ildə inşa edilib və Liberiya bayrağı altında üzür. Gəminin uzunluğu 207,3 metr, eni 29,8 metrdir.