“K Line” LNG ilə işləyən yeni avtomobil daşıyıcısını istismara qəbul edib
Yaponiyanın “Kawasaki Kisen Kaisha” (“K” Line) gəmiçilik şirkəti Yaponiya avtomobil istehsalçılarının minik avtomobillərinin və yük maşınlarının (PCTC) daşınması üçün yeni gəmini istismara qəbul edib.
“Seanews.az” xəbər verir ki, adqoyma mərasimi 27 fevral 2025-ci ildə baş tutan və “Oceanus Highway” adlandırılan avtomobil daşıyıcısının tutumu 6,9 min CEU təşkil edir. Gəminin iki yanacaqlı mühərrikləri ilk növbədə mayeləşdirilmiş təbii qazla (LNG) işləyəcək.
Yaponiya bayrağı altında üzəcək gəminin uzunluğu 199,95 metr, eni 38 metr, hündürlüyü 38,07 metr, suya oturumu 9 metr, ümumi tutumu 75,2 min ton, istismar sürəti 19 düyündür.
Avtomobil daşıyıcısı Yaponiyanın “Shin Kurushima Toyohashi Shipbuilding” gəmiqayırma zavodunda “ClassNK” sinfinə uyğun olaraq inşa edilib. Gəmi yüksək ekoloji və innovativ xüsusiyyətlərinə görə “A” sinfinə layiq görülüb.
LNG ilə işləyən avtomobil daşıyıcısı layihəsi Yaponiya İnkişaf Bankı (DBJ) və “ClassNK” təsnifat cəmiyyətinin birgə həyata keçirdikləri sıfır emissiyalı gəmilərin təşviqi proqramı çərçivəsində maliyyələşdirilib. Qeyd olunur ki, “K Line” ilk dəfədir ki, bu maliyyələşdirmə proqramından yararlanır.
“Kawasaki Kisen Kaisha” ("K" Line) Yaponiyanın qocaman (1919-cu ilin aprelində yaradılmış) və iri şirkətlərindən biridir. Dəniz və intermodal daşımalarda ixtisaslaşmış şirkətin donanması 430-dan çox gəmidən ibarətdir. Bir çox ölkələrdə konteyner terminallarını idarə edir.