Çinin “Guangzhou Shipyard” tərsanəsi yeni inşa etdiyi kimyəvi tankeri təhvil verib
Çinin “Guangzhou Shipyard” gəmiqayırma zavodu metanolla işləyən kimyəvi tanker “Ecomar Gascogne”-ni “Socatra” və onun birgə müəssisə ortağı “Hafnia”-ya təhvil verib.
“Seanews.az” xəbər verir ki, bu, iki yanacaq mühərrikli dörd “MR” ölçülü tanker seriyasından birincisidir. Növbəti iki gəmi 2025-ci ilin sonunda, sonuncusu isə 2026-cı ildə sifarişçiyə təhvil veriləcək. Kimyəvi tankerlər həm şərti gəmi yanacağı, həm də “yaşıl” metanolla işləyəcək.
Sinqapurun 2013-cü ildə yaradılmış “Hafnia” şirkəti neft və neft məhsullarının daşınması üçün iri tanker operatorlarından biridir. Şirkət 198 gəmidən ibarət donanmanı idarə edir.
1999-cu ildən fəaliyyət göstərən Fransanın “Socatra” şirkətinin isə tanker donanmasına ümumilikdə dedveyti 6,5 min tondan 277 min tona qədər olan 15 gəmisi daxildir.