22 göyərtəli “MSC World America” səfərə 2138 heyət üzvü və 6762 sərnişinlə çıxacaq
Fransanın “Chantiers de l’Atlantique в Сен-Назере” gəmiqayırma zavodunda “MSC Cruises” (“MSC”-nin İsveçrə kruiz bölməsi) üçün üç mühüm hadisə baş verib. 22 göyərtəli “MSC World America” kruiz gəmisi sifarişçiyə təhvil verilib, seriyanın növbəti “MSC World Asia” gəmisinin kili qoyulub və metal kəsimi ilə “MSC World Atlantic”-in tikintisinə start verilib.
“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“MSC World America” gəmisinin tikintisi iki il yarım çəkib. Bu, “MSC Cruises”-in donanmasında 23-cü layneri və bu layihənin ikinci gəmisidir. “MSC World America” mayeləşdirilmiş təbii qaz, bioyanacaq və bərpa olunan enerji mənbələrindən əldə edilən sintetik yanacaqla işləyə bilən mühərriklərlə təchiz edilmişdir. Terminallara daxil olarkən gəmi sahil yarımstansiyalarından elektrik enerjisi ala biləcək. O, həmçinin çirkab suların təmizlənməsi sistemi və gəmidəki tullantıların miqdarını əhəmiyyətli dərəcədə azaldan təkrar emal qurğusu ilə təchiz edilib.
“MSC World America” 12 aprel 2025-ci ildə ABŞ-ın Mayami şəhərindən ilk səfərinə çıxacaq. 7 günlük Şərqi Karib səfəri zamanı gəmi Puerto Platada terminala (Dominikan Respublikası), San Juan, (Puerto Riko) və “MSC Cruises” şəxsi adasına - “Ocean Cay MSC Marine Reserve”-ə yan alacaq.
Uzunluğu 333,4 metr, eni 46,9 metr olan “MSC World America” göyərtəsinə 2138 heyət üzvü və 6762 sərnişin qəbul edəcək.
Kili yenicə qoyulmuş “MSC World Asia” layneri seriyanın üçüncüsü olacaq. Onun 2026-2027-ci illərin qışında istifadəyə verilməsi planlaşdırılır. Fransa, İtaliya, İspaniya və Maltaya səfər etməklə Aralıq dənizində kruizlər həyata keçirəcək.
Tərsanə metal kəsmə mərasimini keçirdiyi seriyanın dördüncü gəmisini 2027-ci ildə təhvil verəcək. O, 2027-2028 qış kruiz mövsümündən başlayaraq Karibdə üzəcək.