“Freire” tərsanəsində Danimarka üçün elmi-tədqiqat gəmisi inşa ediləcək
Danimarka üçün buz sinifli elmi-tədqiqat gəmisinin tikintisinə apreldə başlanacaq.
“Seanews.az” xəbər verir ki, bu barədə sifarişçi Danimarka Texniki Universitetinin mətbuat xidməti məlumat yayıb.
Müqavilə mürəkkəb texnoloji gəmilərin inşasında təcrübəyə malik olan İspaniyanın “Construcciones Navales P. Freire” gəmiqayırma şirkəti ilə imzalanıb.
Tenderdə dörd gəmiqayırma zavodu iştirak edib. “Dana V” adlandırılan gəmi “Knud E. Hansen”, “Naval Architects” və “Odense Maritime Technology” şirkətlərinin daxil olduğu Danimarka konsorsiumu tərəfindən layihələndirilib. Gəmidən Danimarkanın bütün tədqiqat təşkilatlarının elmi məqsədlər üçün istifadə oluna biləcəyi deyilir.
Müqavilənin şərtlərinə görə, gəmi 2027-ci ilin payızında təhvil verilməlidir. “Dana V” gəmisinin uzunluğu 70 metr, yükgötürmə qabiliyyəti 2545 ton olacaq. 38 nəfərin yaşaması və fəaliyyəti üçün hər cür şərait yaradılacaq gəmi Arktika sularında tapşırıqları yerinə yetirmək və uzun məsafəli dəniz səfərləri etmək üçün nəzərdə tutulub. Elmi-tədqiqat gəmisinin mühərrikləri həm dizel yanacağı (bio-dizel), həm də akkumulyatorlarla işləyəcək.