İtaliyanın “Fincantieri” gəmiqayırma zavodunda kruiz laynerinin tikintisinə başlanılıb
İtaliyanın “Fincantieri” gəmiqayırma zavodunda iki dəbdəbəli gəmi seriyasının birincisi olan “Seven Seas Prestige” kruiz laynerinin kilinin qoyulması mərasimi keçirilib.
“Seanews.az” xəbər verir ki, bu barədə gəmiqayırma qrupunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, gəmi “Norwegian Cruise Line Holdings”-in törəmə şirkəti olan “Regent Seven Seas Cruises” (Mayami, ABŞ) kruiz xətti üçün tikilir. Razılaşmaya əsasən, ilk sərnişin layneri 2026-cı ildə istifadəyə veriləcək. Gəminin uzunluğu 257 metr, ümumi tutumu 77 min tondur. 434 kayutu 850 sərnişin üçün nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəl “Fincantieri” iki gəmiqayırma zavodunda üç “Explorer” seriyalı kruiz gəmisi inşa edib: “Seven Seas Explorer” 2016-cı ildə, “Seven Seas Splendor” 2020-ci ildə və “Seven Seas Grandeur” 2023-cü ildə təhvil verilib.