“Grimaldi Group” metanolla işləyəcək doqquz “Ro-Pax” gəmisi sifariş edib
“Grimaldi Group” Çinin “China Merchant Jinling Shipyard” tərsanəsinə doqquz yük-sərnişin bərəsinin tikintisini sifariş edib. Gəmilərin hamısı metanolla işləyəcək.
“Seanews.az” “Container News”-a istinadən xəbər verir ki, müqavilənin dəyəri 1,3 milyard dollardır.
Bərələrin dördü İtaliya bayrağı və “Grimaldi Group” brendi altında istismar ediləcək, ikisi isə Yunanıstan bayrağı altında üzəcək və Yunanıstandakı “Minoan Lines” törəmə şirkəti tərəfindən idarə olunacaq. Bu gəmilər “Next Generation Med” sinfinə aiddir və Aralıq dənizindəki marşrutlarda yerləşdiriləcək. Uzunluğu 229 metr olan gəmilər 3,3 min ton yük, 300 avtomobil, 2,5 min sərnişin götürəcək.
Qeyd edək ki, Finlandiya bayrağı altında üzən “Hansa Superstar” sinifli daha üç gəmi “Finnlines” şirkəti tərəfindən Baltik dənizində istismar üçün icarəyə götürüləcək. Uzunluğu 240 metr, sərnişin tutumu 1,1 min nəfər olan bu gəmilər Finlandiya-Almaniya marşrutunda səfərlər edəcək.
Gəmilərin təhvil verilməsi 2028-2030-cu illər üçün nəzərdə tutulub.