7 min avtomobil tutumlu yeni gəmi təbii qazla işləyəcək
Yaponiyanın gəmiçilik şirkəti “Kawasaki Kisen Kaisha” ("K" Line) yeni avtomobili və yük daşıyıcısını (PCTC) istismara qəbul edib. 7 min CEU tutumlu “Triton Highway” gəmisi təbii qazla işləyəcək.
“Seanews.az” xəbər verir ki, gəmi “Marugame Headquarters” (“Imabari Shipbuilding”) zavodunda inşa olunub.
Bu, “K Line”-nin donanmasında elektrik nəqliyyat vasitələrinin daşınması üçün yanğın təhlükəsizliyi tədbirlərinə uyğunluğuna görə Yaponiya cəmiyyətindən “ClassNK” sinif təyinatını alan ilk gəmidir.
“Triton Highway” gəmisinin uzunluğu 199,9 metr, eni 38 metr, bortunun hündürlüyü 38,76 metr, suya oturumu 9,3 metr, ümumi tutumu 77 509 ton, istismar sürəti 18,25 knotdur. Gəmi Yaponiya bayrağı altında üzəcək.
“Kawasaki Kisen Kaisha” ("K" LINE) Yaponiyanın qocaman (1919-cu ilin aprelində yaradılıb) və böyük şirkətlərindən biridir. Dəniz və intermodal daşımalar üzrə ixtisaslaşıb. Şirkətin 430 gəmidən ibarət donanmasına quru yük gəmiləri, kömür daşıyıcıları, neft tankerləri, qazma gəmiləri, FPSO, LNG bunker gəmiləri, dəniz avtomobil daşıyıcıları, konteyner gəmiləri daxildir.
1901-ci ildə əsası qoyulmuş “Imabari Shipbuilding” gəmiqayırma qrupu (qərargahı İmabari şəhərindədir) Yaponiyada bir neçə gəmiqayırma zavodunu idarə edir. Qrupun tərsanələrində yük və avtomobil daşıyıcıları, konteyner gəmiləri, LNG yanacağı ilə işləyən gəmilər də daxil olmaqla ən müxtəlif gəmilər tikilir.