“Hapag-Lloyd” donanmasına külək deflektoru olan 24 000 TEU konteyner gəmisi əlavə edir
Cənubi Koreyanın “Hanwha Ocean” gəmiqayırma zavodunda (keçmiş “DSME”, Cənubi Koreya) “Hapag-Lloyd” gəmiçilik şirkəti üçün inşa edilmiş “Genova Express” konteyner gəmisinin istismara verilməsi mərasimi keçirilib.
“Seanews.az” xəbər verir ki, “Genova Express” konteynerdaşıyanı “Hapag-Lloyd” şirkəti tərəfindən sifariş edilən 12 konteyner gəmisi seriyasının 11-ci gəmisidir. Bu nəhəng gəmilərin tutumu 24 min TEU-dur.
“Genova Express” konteyner gəmisi Almaniya bayrağı altında qeydiyyatdan keçəcək və “Gemini” tərəfdaş şəbəkəsi çərçivəsində Uzaq Şərq-Şimali Avropa marşrutu üzrə konteyner xidmətləri göstərəcək.
Uzunluğu 399 metr, eni 61 metr olan gəmi ikiyanacaqlı mühərriklə təchiz olunub. Yük göyərtəsində 1500 soyuducu məntəqə var.
Maraqlıdır ki, “Genova Express” öz seriyasında dəniz dalğalarına və küləyə qarşı müqaviməti azaltmaq üçün xüsusi konstruksiya ilə təchiz edilmiş ilk gəmi idi. Belə bir külək deflektorunun yanacaq qənaətinə müsbət təsir edəcəyi gözlənilir.
Qeyd edək ki, eyni seriyalı “Hamburg Express” və “Singapore Express” gəmiləri 2024-cü ildə, “Bangkok Express” konteyner gəmisi isə bu ilin əvvəlində sifarişçiyə təhvil verilib.