

Dünyanın ən böyük konteyner gəmisi "Vizhinjam" limanına yan alıb
Dünyanın ən böyük konteyner gəmisi hesab olunan “MSC IRINA” ilk dəfə olaraq Hindistanın "Vizhinjam" Beynəlxalq Dəniz Limanına yan alıb.
"Seanews.az" xəbər verir ki, gəmi çərşənbə axşamınadək limanda qalacaq.
"Vizhinjam" limanı 2024-cü ilin iyulundan sınaq rejimində, dekabr ayından isə kommersiya əsaslı fəaliyyətə başlayıb. Bu müddət ərzində limanda 349 gəmi qəbul olunub, 733 min konteyner emal edilib.
Onu da qeyd edək ki, Çinin “Jiangsu Yangzi Xinfu Shipbuilding” gəmiqayırma zavodunda inşa edilən “MSC IRINA” 24 min 346 konteyner (20 futluq ekvivalentində) tutumuna malikdir. Onun uzunluğu 399,99 metr, eni 61,3 metrdir. Göyərtəsinin sahəsi 3,5 futbol stadionuna (24 min kvadratmetr) bərabər olan gəmi 2023-cü ilin martında suya buraxılıb, apreldə isə ilk səfərinə çıxıb. Bu gəmiyədək dünyanın ən böyük konteyner gəmisi “Evergreen” şirkətinə məxsus “Ever Alot” hesab olunurdu.