

"OVP Shipping" ilk konteyner gəmisi sifarişini rəsmiləşdirib
Honq-Konqda qeydiyyatdan keçmiş "OVP Shipping" şirkəti əsasən “Bir kəmər, bir yol” ticarət marşrutlarında daşıma gücünü artırmaq məqsədilə "Taizhou Jianxing Heavy Industry" gəmiqayırma zavodunda dörd 4 350 TEU tutumlu konteyner gəmisi sifarişi verib.
"Seanews.az" xəbər verir ki, bu, şirkətin ilk gəmi sifarişidir.
Razılaşmaya əsasən, ilk gəminin 2027-ci ilin ikinci rübündə, qalan üç gəminin isə 2027-ci ilin ikinci yarısı və 2028-ci ildə təhvil verilməsi nəzərdə tutulur.
Orta ölçülü bu gəmilər Çin–Şimali Afrika, Yaxın Şərq və Qırmızı dəniz marşrutlarında istismara veriləcək. Bununla da "OVP" şirkətinin Çin, Cənub-Şərqi Asiya, Türkiyə və Şimali Afrika arasındakı şəbəkəsi güclənəcək. Şirkətin məlumatına görə, gəmilər məhz bu marşrutlar üçün xüsusi layihələndirilib və ən son ekoloji standartlara cavab verir.
"Alphaliner"-in dünyanın ən iri 100 daşıyıcısı reytinqində 67-ci yeri tutan "OVP Shipping" 2020-ci ildə təsis olunub.