

"ElbFeeder" Çindən iki yeni konteyner gəmisi sifariş edib
İslandiyanın "Eimskip" nəqliyyat şirkəti ilə almaniyalı gəmi sahibi Ernst Russ arasında yaradılmış "ElbFeeder" birgə müəssisəsi "China Merchants Jinling Shipyard"-dan iki konteyner gəmisi sifariş edib.
"Seanews.az" xəbər verir ki, yeni gəmilər ikili yanacaqla işləyən (dual-fuel) mühərriklərlə təchiz olunacaq. Onlar həm LNG, həm də metanol istifadəsinə hazır şəkildə layihələndirilib ki, bu da gələcək yanacaq keçidlərinə uyğunluq təmin edəcək.
Gəmilər Şanxay Ticarət Gəmiləri Layihə və Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində Şimali Atlantik marşrutlarının çətin şərtlərinə uyğun dizayn edilib.
Hər bir gəminin tutumu 2,280 TEU olacaq. Uzunluğu 185 metr, eni isə 29,4 metr təşkil edəcək. Bu gəmilər "Eimskip"-in istismarında olan ən böyük gəmilər olacaq. Onların 2028-ci ilin ikinci yarısında təhvil verilməsi gözlənilir.
Yeni tikiləcək gəmilər ilkin olaraq 10 illik dövr üçün Reykyavik ilə Rotterdam arasında fəaliyyət göstərən "Eimskip"-in “Blue Line” xidmətində işləyəcək.
Hazırda "ElbFeeder" yeddi konteyner gəmisini idarə edir və son illərdə güclü nəticələr göstərib.