"Dynacom" Çində dörd VLCC tipli tanker sifariş edib
Yunan gəmi sahibi "Dynacom Tankers" Çində yerləşən "Hengli Heavy Industries" gəmiqayırma zavodunda dörd ədəd yeni VLCC tipli xam neft daşıyıcısı sifariş edib.
"Seanews.az" xəbər verir ki, bu, şirkətin ötən il bağladığı iki oxşar müqaviləyə əlavə olaraq həyata keçirilir.
Gəmiqayırma mənbələrinin bildirdiyinə görə, 306 000 ton dedveyti olan bu gəmilər əvvəlcə "Hengli Group" tərəfindən öz ehtiyacları üçün sifariş edilmişdi. Lakin hazırda bu gəmilər "Dynacom Tankers" şirkətinə hər biri 118 milyon dollar olmaqla, 2026 və 2027-ci illərdə təhvil verilmək üçün yenidən satılıb.
Bu razılaşma ilə "Dynacom"-un "Hengli" tərəfindən inşa ediləcək VLCC-lərinin sayı altıya çatır. Qeyd edək ki, şirkət bu ilin iyun ayında "Aliakmon I" adlı ilk VLCC gəmisinin təhvilini almışdı.
"Hengli"-nin özünün hazırladığı VLCC dizaynı 332,8 metr uzunluğa, 60 metr enə, 14,5 düyün sürətinə malikdir.

