Cənubi Koreyada dünyanın ilk ammonyakla işləyən ikiyanacaqlı okean gəmilərinə ad verilib
Belçikanın "Exmar" gəmiçilik şirkəti Cənubi Koreyada dünyanın ilk ammonyakla işləyən ikiyanacaqlı (dual-fuel) okean gəmilərinin advermə mərasimini keçirib. "HD Hyundai" ilə əməkdaşlıq çərçivəsində inşa edilən "Antwerpen" və "Arlon" adlı bu gəmilər hər biri təxminən 46,000 kubmetr yük tutumuna malikdir.
“Seanews.az” xəbər verir ki, müasir dizayn sayəsində bu gəmilər standart modellərlə müqayisədə daha geniş gövdəyə və artırılmış yük həcminə malikdir.
Ammonyakla işləyən mühərriklərlə təchiz olunmuş gəmilər naviqasiya zamanı karbon emissiyalarını 90%-ə qədər azaltmağa imkan verir, həmçinin daşınan yükün bir hissəsinin yanacaq kimi istifadəsinə şərait yaradır.
"Wärtsilä", "WinGD" və "Lloyd's Register" kimi tərəfdaşlarla birgə hazırlanan layihə çərçivəsində ammonyakın yanacaq kimi təhlükəsiz istifadəsi üçün Beynəlxalq Dənizçilik Təşkilatının (IMO) standartlarına uyğun yeni təhlükəsizlik qaydaları da işlənib hazırlanıb. Heyətin əməliyyat təcrübəsinə əsaslanan xüsusi risk qiymətləndirmələri və texniki təhlillər nəticəsində gəmilər ən yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilib. Bu yenilik dənizçilik sektorunda aşağı emissiyalı nəqliyyata keçid və alternativ yanacaqlardan istifadə sahəsində mühüm mərhələ hesab olunur.

