Maye karbon daşıyan gəmilərin inşası sürətlənir
Karbonun tutulması və saxlanılması (CCS) texnologiyalarını dəstəkləmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı CO2 daşıyıcı gəmilərin inşası sürətlə davam edir. Bu sahədə ilk kommersiya əməliyyatlarına 2025-ci ildə "Equinor", "Shell" və "TotalEnergies" tərəfindən yaradılan "Northern Lights" tərəfdaşlığı başlayıb.
“Seanews.az” xəbər verir ki, şirkət bu yaxınlarda, aprelin 9-da özünün üçüncü gəmisi olan 7500 kubmetr tutumlu "Northern Phoenix"ə advermə mərasimini keçirib. Maye CO2 gəmilərlə Norveçdəki sahil terminalına çatdırılır, oradan isə dəniz dibinin 2600 metr dərinliyindəki anbarlara vurulur.
Şirkət 2028-ci ilə qədər illik gücünü 5 milyon tona çatdırmağı və "K" LINE, "MISC Berhad" və "MOL" kimi nəhənglərlə əməkdaşlıq çərçivəsində daha böyük gəmiləri istifadəyə verməyi planlaşdırır.
Eyni zamanda, Danimarkada "INEOS Energy" tərəfindən həyata keçirilən "Project Greensand" layihəsi üçün nəzərdə tutulan "Carbon Destroyer 1" gəmisi dəniz sınaqlarını uğurla başa vuraraq son hazırlıq mərhələsinə qədəm qoyub. İllik 600 min ton karbon qazı daşımaq gücündə olan bu gəmi birbaşa anbar sahəsinə qoşulma imkanına malikdir və bu ilin sonunda xidmətə başlayacağı gözlənilir.
Yaponiya hökuməti də 2050-ci ilə qədər "xalis sıfır" hədəfinə çatmaq üçün bu sahəyə dəstək verir. Yapon tərsanələri artıq dənizdəki saxlama qurğularına birbaşa bağlana bilən yeni nəsil gəmi konseptləri üçün rəsmi təsdiqlər alıb.
Alimlərin fikrincə, 2050-ci il hədəflərinə çatmaq üçün hər il təxminən 1 milyard ton karbon qazının tutularaq daşınması tələb olunacaq ki, bu da yeni gəmiçilik seqmentinin əhəmiyyətini daha da artırır.

